“Müctəba Xamenei aldığı yaralara baxmayaraq ölkənin hərbi strategiyasının formalaşdırılmasında həlledici rol oynamaqda davam edir”.
Planetinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyatı Müctəba Xameneinin yüksək vəzifəli İran rəsmiləri ilə birlikdə hərbi strategiyanın müəyyən edilməsində əsas fiqurlardan biri olduğunu hesab edir.
Kəşfiyyat hesabatlarında qeyd olunur ki, Xamenei eyni zamanda İranın ABŞ ilə müharibənin dayandırılması üzrə apardığı danışıqların idarə olunmasında da iştirak edir.
CNN yazır ki, ABŞ kəşfiyyatı hazırda onun yerini vizual şəkildə təsdiqləyə bilmir. Mənbələrdən birinin sözlərinə görə, bunun əsas səbəblərindən biri Xameneinin elektron rabitə vasitələrindən istifadə etməməsi və yalnız şəxsi görüşlər və ya kuryerlər vasitəsilə əlaqə saxlamasıdır.
Telekanalın məlumatına əsasən, Xamenei aldığı xəsarətlər səbəbindən təcrid şəraitində qalır. Bildirilir ki, onun bədəninin bir tərəfində ciddi yanıq xəsarətləri var.
Qeyd edək ki, Müctəba Xamenei mart ayının əvvəlində Ali lider seçilib. Onun atası, İranın əvvəlki ali lideri Əli Xamenei müharibənin ilk günündə Tehrana endirilən zərbələr nəticəsində həyatını itirib.