Gündəm / Siyasət Bugün, 14:46

Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər - Prezident



Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi.

Bu barədə Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bildirib.

"Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər", - İlham Əliyev bildirib.

"Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər - Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik",- Azərbaycan Prezidenti qeyd edib.

Xəbər lenti