NATO sammiti çərçivəsində Türkiyəyə səfər edən ABŞ prezidenti Donald Tramp üçün Ankarada yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb.
Bu barədə yerli KİV məlumat yayıb.
17 ildən sonra Türkiyəyə gələn ABŞ prezidenti üçün qalacağı hotel bir ay əvvəldən rezervasiyaya bağlanıb. Ankaranın Söğütözü rayonunda yerləşən “JW Marriott” hotelin şüşələri gülləkeçirməz, divarları isə bombaya davamlıdır.
Məxfi Xidmət agentlərindən başqa ABŞ nümayəndə heyətindən heç kim hotelin 190 kvadratmetrlik prezident otağının altında və ya üstündə qalmayacaq.
Yeməyini Məxfi Xidmət təqdim edəcək
Donald Tramp üçün yemək xidməti və otağın təmizliyi hotel işçiləri tərəfindən deyil, ABŞ-dan gəlmiş xüsusi əməkdaşlar tərəfindən həyata keçiriləcək. Hotelin ətrafındakı yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb. Orada yalnız Trampla birlikdə gələn 1000 nəfərlik nümayəndə heyəti yerləşəcək.
Öz tualeti ilə gəlir
Məlumata görə, Donald Tramp Ankarada DNT izlərinin qalmaması üçün xüsusi tualetdən istifadə edəcək və həmin tualetin tullantıları yenidən ABŞ-a aparılacaq.
Dünyanın ən təhlükəsiz avtomobili
Trampın ictimaiyyət arasında "The Beast" ("Canavar") kimi tanınan xidməti avtomobili də sammitdən bir gün öncə Ankaraya gətirilib. Bu avtomobil ağır zirehli kuzovu, gülləkeçirməz şüşələri, partlasa belə hərəkətini davam etdirə bilən “run-flat” təkərləri və xarici təhlükələrə qarşı tam izolyasiya edilə bilən salonu ilə dünyanın ən mühafizəli xidməti avtomobillərindən biri hesab olunur.
Qeyd edək ki, Donald Trampın Ankara səfəri ABŞ prezidentinin son 17 ildə Türkiyəyə etdiyi ilk rəsmi səfər olacaq. Türkiyə sonuncu dəfə 2009-cu ildə həmin dövrün ABŞ prezidenti Barak Obamanı qəbul etmişdi.