Özbəkistan parlamentinin Qanunvericilik Palatası yenilənmiş latın qrafikalı özbək əlifbasına mərhələli keçidi nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsinə əsasən, yeni özbək əlifbası hazırkı 26 hərf və üç hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq. Bununla belə, ümumi qrafik işarələrin sayı dəyişməyərək 29 olaraq qalacaq.
Parlament bildirir ki, yenilənmiş əlifba ümumtürk əlifbasının prinsiplərinə və digər türkdilli ölkələrin təcrübəsinə uyğundur.
Dəyişikliklərə əsasən, o', g', sh və ch hərf birləşmələri ayrıca hərflərlə əvəz olunacaq. Layihə müəlliflərinin fikrincə, bu yenilik orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə və dövlət dilinin, xüsusilə də rəqəmsal mühitdə istifadəsinin genişlənməsinə imkan verəcək.
Yeni əlifbaya keçid mərhələli şəkildə həyata keçiriləcək. Dəyişikliklər dərsliklərin növbəti nəşrlərində, pasport və digər sənədlərdə onların etibarlılıq müddəti başa çatdıqca, pul nişanları və lövhələrdə isə təbii yenilənmə prosesi çərçivəsində tətbiq ediləcək.
Qüvvədə olan sənədlər və məhsullar vaxtından əvvəl dəyişdirilməyəcək. Bu isə əlavə büdcə xərclərinin qarşısını almağa imkan verəcək.
Qeyd edək ki, Özbəkistanda 2023-cü il yanvarın 1-dən etibarən bütün dövlət və özəl qurumlar kargüzarlıqda, toponimlərdə, kütləvi informasiya vasitələrində və reklam sahəsində latın qrafikasından istifadə etməyə borcludur. Prezident Şavkat Mirziyoyev həmin ilin oktyabrında hökumətə latın qrafikasına keçidin tamamlanması üçün işçi qrupunun yaradılması barədə tapşırıq vermişdi.