Gündəm / Dünya Dün, 20:11

Qaqik Tsarukyan iki ay müddətinə həbs edildi



Avan və Nor Nork inzibati rayonlarının ümumi yurisdiqsiya məhkəməsi hakim Qarik Abelyanın rəhbərliyi ilə iyulun 7-də keçirilən iclasında Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) lideri Qaqik Tsarukyanın iki ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.

Bu barədə News.am məlumat yayıb.

Xatırladaq ki, iyulun 6-sı səhər tezdən ÇEP lideri Qaqik Tsarukyanın şəxsi evində, "Multi Qrup" konserninə daxil olan demək olar ki, bütün şirkətlərdə, eləcə də həmin təşkilatların direktorlarının mənzillərində axtarışlar aparılıb.

Daha sonra, şəxsi evdə axtarış başa çatdıqdan sonra Tsarukyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb. Onunla eyni vaxtda daha bir nəfər də saxlanılıb.

İstintaq Komitəsi yaydığı məlumatda Tsarukyanın nə üçün saxlanıldığını açıqlayıb: "İstintaq Komitəsinin iqtisadi cinayətlər və qaçaqmalçılıqların istintaqı üzrə baş idarəsində araşdırılan cinayət işlərindən biri üzrə əldə edilən faktiki məlumatlara görə, Qaqik Tsarukyanın təşkilatçılığı ilə bir sıra şəxslər 2022-2024-cü illər ərzində xüsusilə külli miqdarda dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması faktlarını törədiblər".

Tsarukyan irəli sürülən ittihamı "yalan, qondarma, boş" adlandırıb.

Tsarukyanın vəkili də dünən ittihamı "absurd və gülünc" adlandıraraq qeyd edib: "Tsarukyanın və ya onunla hər hansı şəkildə bağlı olan şirkətin zərərçəkmiş kimi tanınmalı olduğu halda, bu dəfə onu təqsirləndirilən şəxsə çeviriblər".

Xəbər lenti