Yaponiyada ABŞ-ın "Typhon" raket sistemlərinin yerləşdirilməsi Rusiyanın Uzaq Şərq sərhədləri üçün birbaşa təhlükə yaradır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə verdiyi müsahibədə deyib.
O, deyib: "Tokionun Amerika orta və qısa mənzilli raket sistemlərinin yerləşdirilməsi üçün öz ərazisini verməsini, dislokasiya müddətindən (epizodik, rotasiyalı və ya daimi) asılı olmayaraq, Asiya-Sakit okean regionunun sabitliyinə və təhlükəsizliyinə ciddi mənfi təsir göstərən və Rusiyanın Uzaq Şərq sərhədləri üçün birbaşa təhlükə yaradan addım kimi qiymətləndiririk".
Diplomat onu da əlavə edib ki, Rusiya dəfələrlə Tokioya müxtəlif formatlarda bu cür qərarlar barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ birgə hərbi təlimlər üçün Kanoya Dəniz Özünümüdafiə Qüvvələrinin hava bazasına müvəqqəti olaraq "Typhon"ları yerləşdirməyi planlaşdırır. Təlimlər iyun ayında başlayıb və sentyabr ayına qədər davam edəcək. Tokio və Vaşinqtonun rəsmi mövqeyi budur ki, yerləşdirilmə müvəqqətidir və daimi hərbi bazanın yaradılmasını nəzərdə tutmur.