Qızıl XX əsrin sonundan bəri ən çox bahalaşan metal olub.
Bu barədə "RIA Novosti"yə Qaydar İnstitutunun Beynəlxalq Ən Yaxşı Təcrübələrin Təhlili Laboratoriyasının müdiri Antonina Levaşenko məlumat verib.
Ekspertin sözlərinə görə, Dünya Bankının məlumatlarına əsaslanaraq əsas metalların 2000-ci ildə və 2025-ci ilin sonunda qiymətlərini müqayisə etdikdə, demək olar ki, bütün əsas metallar üzrə qiymət artımı qeydə alınıb. Levaşenkonun qeyd etdiyi kimi, ən nəzərəçarpacaq dərəcədə qızıl bahalaşıb — onun dəyəri 12 dəfə artıb.
O, həmçinin göstərib ki, eyni dövr ərzində misin qiyməti 5,87 dəfə, dəmir filizinin 3,39 dəfə, nikelin 1,71 dəfə, alüminiumun isə 1,66 dəfə artıb.
Ekspert izah edib ki, XXI əsrdə metalların dəyərinin artması dünya üzrə istehlak qiymətləri səviyyəsinin ümumi yüksəlməsi ilə bağlıdır. Onun sözlərinə görə, buna xammalın çıxarılması və emalı xərclərinin artması, enerji resurslarının və avadanlıqların bahalaşması, eləcə də ABŞ dollarının məzənnəsinin dəyişməsi şərait yaradıb.
Bundan əlavə, Levaşenko qeyd edib ki, əsas sənaye metallarının qiymət dinamikasına maliyyə bazarlarındakı böhranlar, o cümlədən 2008–2009 və 2019–2020-ci illərdə baş verənlər, həmçinin tələb və təklif balansındakı dəyişikliklər təsir edib.
Analitikin fikrincə, neftin və digər enerji daşıyıcılarının qiymətindəki tərəddüdlər metalların dəyərinə əlavə təsir göstərir.