Bütün növ balıqlardan əldə olunan kürü vitaminlər, mikroelementlər və faydalı yağ turşuları ilə zəngindir.
Bu fikri məşhur dietoloq və tibb elmləri namizədi Yelena Solomatina Rusiya mediasına açıqlamasında bildirib.
O, qeyd edib ki, növündən (ağ, qırmızı və ya qara-red.) asılı olmayaraq, balıq kürüsü yüksək konsentrasiyalı məhsul sayılır: "Bu məhsulların tərkibində bir çox vitamin, mikro və makroelementlər, protein, omeqa-3 yağ turşularına rast gəlinir. Həmçinin, kürünün tərkibində A, D, E və B vitaminləri ilə yanaşı, fosfor, dəmir, yod və lesitin də var".
Mütəxəssisin sözlərinə görə, müəyyən maddələrin konsentrasiyası birbaşa balığın növündən və onun yaşadığı yer, qida mühitindən asılıdır. Məsələn, dəniz balıqlarının kürüsündə daha çox yod olur. Soyuq suları olan dənizlərdəki balıqların kürüsündə isə daha çox omeqa-3 aşkarlanır.
Solomatina qeyd edib ki, qızıl balığın kürüsündə çoxlu lesitinə, alabalıq kürüsüdə isə D vitamininə rast gəlinir: "Keta adlanan balıqların kürüsündə isə balanslaşdırılmış tərkibə malikdir. Sıf balığının ağ kürüsü B12 vitamini, omeqa turşuları və fosfor da daxil olmaqla dəyərli komponentlərə malikdir. Mintaya gəldikdə isə, onun kürüsündə daha çox fosfor olur. Treska kürüsündə selen, durnabalığı kürüsündə isə dəmir və rekord miqdarda B12 vitamini var. Soyuq sularda yaşayan siyənək balığının kürüsü də omeqa-3 yağ turşuları ilə zəngindir".