Gündəm Dün, 17:40

Özbəkistanın gənc şairi Şöhrət Arifin “Məktubdur ömrüm” kitabının təqdimatı keçirilib



II Türk dünyası gənc şairlər festivalı çərçivəsində Ağdam Muğam Mərkəzində Özbəkistan Jurnalistlər Birliyinin sədri, tanınmış şair və publisist Şöhrət Arifin Azərbaycan dilində nəşr olunan “Məktubdur ömrüm” kitabının təqdimat mərasimi keçirilib.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutan törəndə TÜRKSOY-un baş katibi, yazıçı Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlu, Ankara Sosial Bilimlər Universitetinin rektoru Musa Kazım Arıcan, Türkiyə Yazarlar Birliyinin sədri Muhammed Enes Kala, Türkmənistan Mədəniyyət Nazirliyinin əməkdaşı Akmurad Rəcəbov, eləcə də Türk dünyasından Azərbaycana səfər etmiş ədəbiyyat və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin son illərdə daha da inkişaf etdiyini vurğulayaraq, Şöhrət Arifin yaradıcılığının Azərbaycan oxucusuna təqdim edilməsini iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin təbliği baxımından mühüm hadisə kimi qiymətləndiriblər. Bildirilib ki, kitabın nəşri Türk dünyasının ədəbi inteqrasiyasına, qarşılıqlı tərcümə ənənələrinin zənginləşməsinə və mədəni əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Qeyd olunub ki, “Məktubdur ömrüm” kitabı Dünya Gənc Türk Yazarlar Birliyi ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə layihəsi çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mənəvi irsinin təbliği, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin daha da möhkəmləndirilməsi, çağdaş özbək poeziyasının Azərbaycan oxucularına tanıdılması və Türk xalqları arasında ədəbi-mədəni əməkdaşlığın genişləndirilməsidir.
Qeyd edək ki, nəşrin Azərbaycan dilinə uyğunlaşdırılmasını Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, şair-publisist Şahməmməd Dağlaroğlu (Soltanov) və Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı həyata keçiriblər. Kitabın redaktoru Əkbər Qoşalı, məsləhətçiləri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və Özbəkistanın “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəmdir. Bədii rəyçilər Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, layihənin koordinatoru isə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Nilufər Lətifdir.
Tədbirdə müəllifin yaradıcılığı haqqında geniş məlumat verilib, kitabdan nümunələr səsləndirilib və nəşrin Türk dünyasının mədəni həyatına dəyərli töhfə olduğu qeyd edilib.
Sonda qonaqlar müəllifi təbrik edərək nəşrin gələcəkdə Azərbaycan və Özbəkistan arasında yeni ədəbi layihələrin həyata keçirilməsinə stimul verəcəyinə əminliklərini ifadə ediblər.










Xəbər lenti