Gündəm / İqtisadiyyat / Dünya Bugün, 19:30

Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq



Hazırda dünya bazarının neft təchizatında yaşanan problemlər “qara qızıl”ın qiymətinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. Belə ki, “Brent” markalı xam neft, iş həftəsinin sonunda bir barel üçün psixoloji 100 dollar həddini keçərək bir neçə gün ərzində 13%-dən çox artıb.

Goldman Sachs Group Inc. investisiya bankının analitiklərinin fikrincə, Yaxın Şərqdəki gərginlik, Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr və regiondan tədarük həcminin azalması səbəbindən qiymətlər 2026-cı ilin dördüncü rübündə bir barel üçün 120 dolları keçə bilər.

"The Guardian" qəzeti isə iddia edir ki, hazırkı artım Yəmənin Husi silahlıları tərəfindən, qlobal ticarətdə digər mühüm logistika mərkəzi olan Bab əl-Məndəb boğazının bağlanması ehtimalı ilə bağlı məlumatlarla əlaqəlidir. İyulun 22-də ICE birjasında “Brent” markalı neftin qiyməti bir barel üçün 95,44 dollar idi. Bu o deməkdir ki, qiymətlər Donald Trampın ABŞ və İran arasında memorandum barədə razılaşmanı elan etməsindən əvvəlki səviyyəyə qayıdıb.

Eyni zamanda, bazar iştirakçıları Hörmüz boğazından keçən gəmiçilikdə kəskin azalmanı da nəzərə alırlar. “Bloomberg”in məlumatına görə, iyulun əvvəlində boğazdan hər gün 5-13 tanker də daxil olmaqla 31-54 gəmi keçsə də, son günlərdə gəmilərin ümumi sayı 4-8-ə düşüb və tankerlərin hərəkəti tamamilə dayandırılıb.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov bildirib ki, vəziyyət bir çox cəhətdən martın əvvəlində, İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının başlamasından qısa müddət sonra baş verənləri xatırladır:

"Yəni, Hörmüz boğazı tamamilə bağlanmayıb, lakin normal gəmiçilikdən söhbət gedə bilməz. Ozamankı və hazırkı vəziyyət arasındakı əsas fərq ondadır ki, boğazdan keçən neft boru kəmərləri hazırda tam gücü ilə işləyir. Xüsusilə, Fars körfəzi sahilindəki yataqları Qırmızı dənizlə birləşdirən Səudiyyə Ərəbistanındakı Şərq-Qərb boru kəməri martın əvvəlində əhəmiyyətli dərəcədə az istifadə olunub. Eyni vəziyyət BƏƏ-dəki gündə 1,5 milyon barel tutumlu Həbshan-Füceyra əsas neft kəmərinə də aiddir.

Digər tərəfdən, İran qlobal tədarükü azaltmaq üçün istənilən vaxt Səudiyyə Ərəbistanı və Əmirliklərdəki neft boru kəmərlərinə hücum edə, bununla da ABŞ və digər Qərb ölkələri üçün çətinliklər yarada bilər. Odur ki, hazırkı vəziyyət mart ayından daha da pisdir, çünki o dövrdə Beynəlxalq Enerji Agentliyinin üzv ölkələri artan qiymətləri cilovlamaq üçün strateji saxlama obyektlərindən nefti buraxmağa yeni başlayırdılar. İndiyə qədər bu ehtiyatlar tükənib, heç kimin onları doldurmağa vaxtı olmayıb”.

Beləliklə, iddia olunur ki, əgər Hörmüz boğazının fəaliyyəti tam bərpa olunmasa, ehtiyatlar getdikcə tükənəcək. Lakin qiymətlərin aşağı düşməsinə səbəb ola biləcək bir ssenari var. Hazırda amerikalılar İranın liman şəhərlərini və Oman körfəzi sahillərindəki hərbi infrastrukturu fəal şəkildə bombalayır, gəmiçilik üçün bir növ sərbəst zona yaratmağa və bəlkə də gəmiçilik və sığorta şirkətlərini bu marşrutun potensial təhlükəsizliyinə inandırmağa çalışırlar...

Xəbər lenti