Gündəm / Dünya Bugün, 20:45

Ayı onu ovlamaq istəyən ovçunu parçaladı



Rusiyanın Krasnoyarsk diyarının Kuragino dairəsində ayı ovçuya hücum edərək onu öldürüb.

Hadisə oktyabrın 28-də Kazır çayının yuxarı axarında baş verib. Ölən şəxsin Petropavlovka kəndindən olan Vitali Elfimov olduğu bildirilir. Krasnoyarsk diyarı Qanunvericilik Məclisinin deputatı Yelena Penzinanın sözlərinə görə, Elfimov bölgənin ən yaxşı ayı ovçularından biri hesab olunurdu və özü də tez-tez bu yırtıcıları ovlayırdı. Hadisənin təfərrüatları hələ açıqlanmayıb.

Məlumata görə, Elfimov sentyabr ayından bəri bölgədə ayı hücumu nəticəsində ölən doqquzuncu şəxs olub. Penzina hadisədən sonra daha bir iri ayının zərərsizləşdirildiyini bildirib. O vurğulayıb ki, ovçular və ov mütəxəssisləri sakinlərin təhlükəsizliyini təmin etmək üçün riskli şəraitdə fəaliyyətlərini davam etdirirlər.

Oktyabrın 29-na olan məlumata əsasən, bölgədə təbiətdən ümumilikdə 1830 ayı götürülüb. Onlardan 1122-si sayın tənzimlənməsi tədbirləri çərçivəsində, 708-i isə ov zamanı öldürülüb. Rusiya İstintaq Komitəsi və dairə administrasiyası hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Xəbər lenti