Sərt pəhrizlərin arıqlamaq üçün populyarlaşan iynələrlə birlikdə tətbiqi qadınların reproduktiv sağlamlığına mənfi təsir göstərə və sonsuzluq riskini artıra bilər. Xüsusilə, çəkinin kəskin və həddindən artıq azaldılması təhlükəlidir.
Bu barədə dietoloq-endokrinoloq Alyona Barredo xəbərdarlıq edib.
“Pəhrizlərin arıqlama iynələri ilə birlikdə tətbiqi sonsuzluğa səbəb ola bilər. Bu, xüsusilə çəkinin normadan artıq və qeyri-adekvat şəkildə azaldılması zamanı baş verir. Bədən yağının kritik dərəcədə azalması menstruasiya dövründə və ovulyasiyada problemlərə səbəb ola, kişi hormonları – androgenlərin istehsalını artıra bilər”, - deyə Barredo bildirib.
Həkimin sözlərinə görə, bədəndə yağ kütləsinin kəskin azalması hormonal balansın pozulmasına gətirib çıxarır. Bu isə hamiləliyin baş verməsi üçün vacib olan menstruasiya dövrünə və ovulyasiyaya təsir göstərir.
Barredo həmçinin yağların minimum səviyyədə olduğu pəhrizlərin, tərəvəz və meyvələr olmadan cəmi iki-üç məhsuldan ibarət monodietlərin, eləcə də həddindən artıq aşağı kalorili qidalanmanın təhlükəli olduğunu vurğulayıb. Vacib qida maddələrinin çatışmazlığı qalxanabənzər vəzin və böyrəküstü vəzilərin fəaliyyətini poza bilər. Bundan əlavə, qida rasionunda xolesterinin kəskin məhdudlaşdırılması cinsi hormonların istehsalına təsir göstərə bilər.
Qeyd edək ki, daha əvvəl endokrinoloq Pavlova təzə sıxılmış şirələr əsasında qurulan pəhrizin bağırsaqlar üçün mümkün risklərindən danışıb. Onun sözlərinə görə, bu cür qidalanma zərərli bakteriyaların çoxalmasına şərait yarada bilər.