12-14 dekabr 2025-ci il tarixlərini əhatə edən XXXIII Ümumrespublika Texniki Seminarı və İmtahanı Azərbaycan Karate Federasiyasının dəvəti və təşkilatçılığı ilə 12 dekabr tarixindən etibarən start götürüb. IX Dan qara kəmər sahibi, şotokan karate üzrə dünyaca tanınmış ustad Hitoşi Kasuyanın rəhbərliyi ilə keçirilən seminarın ilk günündə 100-dən çox idmançı və məşqçi iştirak edib.
Tədbirin əsas məqsədi şotokan karate üzrə texniki hazırlığın təkmilləşdirilməsi, idmançı və məşqçilərin bilik və bacarıqlarının beynəlxalq tələblərə uyğun şəkildə artırılmasıdır. Seminar müddətində iştirakçılara şotokan məktəbinin fundamental prinsipləri, texniki göstəriciləri və imtahan prosedurları üzrə ətraflı təlimlər təqdim olunur.
Seminarın ilk günü həmçinin əlamətdar hadisə ilə yadda qalıb. Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, Fəxri Bədən tərbiyəsi və İdman Xadimi, 7-ci dan qara kəmər sahibi Rəhman Hətəmov Dünya Şotokan Karate-Do Federasiyası (WSKF) tərəfindən təsis edilmiş “Dünya Çempionları Klubu” adına xüsusi medalla təltif olunub. Bu mükafat ona ölkəmizdə karatenin inkişafına göstərdiyi xidmətlərə görə təqdim edilib.
XXXIII Ümumrespublika Texniki Seminarı və İmtahanının təşkili karate idmanının ölkəmizdə inkişafına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və peşəkar kadr hazırlığının dəstəklənməsinə mühüm töhfə verir.