Mədəniyyət 15-12-2025, 10:17

“Mənim tanıdığım Ələsgər” adlı tədbir keçirilib

“Mənim tanıdığım Ələsgər” adlı tədbir keçirilib
«Dədə Ələsgər Ocağı” İctimai Birliyinin 5 illik fəaliyyəti çərçivəsində təşkil olunan bu genişmiqyaslı proqram təkcə bir hesabat və ya təqdimat deyil — milli kimliyimizin, ruhumuzun, Qərbi Azərbaycanın yaddaş qatlarında daşınan irsin, yüzilliklərin səsi olan sazın və sözün təntənəsidir. Bu tədbir bir daha sübut edir ki, Aşıq Ələsgər yalnız bir sənətkar deyil, bir məktəb, bir yol, bir fəlsəfə və bütöv bir xalqın taleyini öz misralarında yaşadan böyük bir zirvədir.

Kitabın müəllifi Şərif Ağayarın klassik ədəbiyyatla apardığı paralellər, Aşıq Ələsgərin poetik dünyasının yeni rakurslardan təqdim edilməsi, elmi araşdırmaların davamlı şəkildə genişlənməsi göstərir ki, ustadın söz aləmi hələ də tam kəşf olunmayıb və hər yaxınlaşanı daha da valeh edən dərin bir dəryadır.

Özbəkistandakı Azərbaycan diasporu təşkilatının sədri Mobil Məmmədov deyib ki, millət vəkillərinin çıxışlarında Qərbi Azərbaycana qayıdış ideyasının bu irslə sıx bağlı olduğunun vurğulanması xüsusilə önəmlidir. Aşıq Ələsgərin həyat yolu, düşüncəsi və yaradıcılığı Qərbi azərbaycanlıların taleyi ilə bir bütün təşkil edir. Bu irsin yaşadılması — yalnız mədəniyyətimizə xidmət deyil, tarixi yaddaşımızın, milli varlığımızın qorunması, sabahımıza inamın gücləndirilməsi deməkdir:

"Biz, Özbəkistandakı Azərbaycan diasporu olaraq, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirir, milli-mədəni yaddaşın qorunması istiqamətində gördükləri işləri böyük ehtiramla izləyirik. Bu təşəbbüslər həm milli-mədəni kimliyimizin, həm də Qərbi Azərbaycan yaddaşının yaşadılmasında misilsiz əhəmiyyət daşıyır.
Xüsusilə vurğulamaq istəyirəm ki, Aşıq Ələsgər irsinə sevgi və ehtiram təkcə bir sənətə məhəbbət deyil — bu, doğma yurdumuza, Qərbi Azərbaycana olan bağlılığın, o torpağın ruhunu yaşatmaq iradəsinin ifadəsidir. Bu yolda hər bir zəhmət, hər bir kitab, hər bir tədbir, səslənən hər bir saz havası bizə həm təsəlli, həm güc, həm də ümid verir.

Bu nəcib fəaliyyətin müəlliflərinə, təşkilatçılarına, alim və sənət adamlarına, bu işə könüldən xidmət edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Aşıq Ələsgər irsi gələcək nəsillərin mənəvi mayakı olaraq daim yaşasın, genişlənsin və türkün böyük söz dünyasına işıq saçmağa davam etsin.

Sözümüz yaşadıqca, yaddaşımız yaşayacaq. Yaddaşımız yaşadıqca, Qərbi Azərbaycana qayıdışın yolu daha da aydın olacaq".

Nəsimi

Xəbər lenti