Mədəniyyət 30-12-2025, 09:05

Tbilisidə Azərbaycan musiqisinin sədaları yayılıb

Tbilisidə Azərbaycan musiqisinin sədaları yayılıb
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan musiqisinin sədaları yayıldı. M.Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycandan gələn gənc ifaçıların peşəkar çıxışları tamaşaçıları sözün əsl mənasında valeh edirdi. Hər bir ifada zəhmət, istedad və Vətən sevgisi duyulurdu.

Azərbaycanın əməkdar artisti Nərgiz Əliyevanı və professor, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynovanı Tbilisidə görmək xüsusi bir sevinc və qürur hissi yaşatdı. Bu görüş azad Şuşada şəhid övladlarının iştirakı ilə keçirilən musiqi festivalındakı unudulmaz günləri bir daha yaddaşıma qaytardı. O müqəddəs məkanda tədbirin aparıcılığını qürurla həyata keçirdiyim anlar sanki yenidən canlandı.

Könül Hüseynovanın həyat yoldaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. O, bir şəhid xanımı olaraq, bu gün yüzlərlə istedadlı uşağın üzə çıxmasında, onların sənət yolunda irəliləməsində böyük zəhmət və fədakarlıq göstərir. Onun fəaliyyəti təkcə pedaqoji deyil, həm də mənəvi bir missiyadır.

Nərgiz Əliyeva isə özünəməxsus sənəti və daxili aləmi ilə tamam ayrı bir dünyadır. Bu gün öyrəndim ki, köklərimiz eyni torpaqdan – Qərbi Azərbaycandan gəlir. Bir azərbaycanlı kimi, eyni zamanda bir Qərbi azərbaycanlı olaraq bu həqiqət məndə bir daha qürur hissi oyatdı.

Bəli, bu gecə mənim üçün təkcə musiqi deyil, yaddaş, tarix, şəhidlərə ehtiram və milli kimliyimizin sarsılmaz ruhu səsləndi.

Daha dəqiq deyim ki, Tbilisidə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş möhtəşəm klassik musiqi gecəsi keçirildi.

Tbilisi şəhərində M.Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə klassik musiqi gecəsi təşkil olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək qonaqları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Səfir Azərbaycan ilə Gürcüstan arasında mövcud olan yüksək səviyyəli dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib, mədəni-humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Diplomat, həmçinin 2025-ci ildə Azərbaycan dövlətinin qazandığı uğurlara toxunub, avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında ABŞ-da imzalanmış sülh sazişini ilin ən mühüm və uğurlu hadisələrindən biri kimi qiymətləndirib. Faiq Quliyev 2026-cı ilin də Azərbaycan dövləti və xalqı üçün uğurlu olacağına əminliyini ifadə edib.

Daha sonra M.Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Leyla Əliyeva və Azərbaycanın əməkdar artisti Nərgiz Əliyeva çıxış edərək bu kimi tədbirlərin milli mədəni irsin təbliği və gənc istedadların tanıdılması baxımından mühüm rol oynadığını bildiriblər.

Musiqi gecəsi maraqlı konsert proqramı ilə davam edib. Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin və Bakı Musiqi Akademiyasının tələbələri Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa ediblər. İstedadlı gənclərin təqdim etdiyi klassik musiqi nümunələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbir mədəniyyətlərarası dialoqun gücləndirilməsi və Azərbaycan musiqi irsinin Gürcüstanda təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.

Nəsimi

Xəbər lenti