"İlkin olaraq onu qeyd edim ki, hazırda Ramiz Mehdiyev, Əli Kərimli və digərləri ilə bağlı həyata keçirilən prosses sadəcə cinayət işi deyil. Bu, Azərbaycanın uzun illərdən bəri davam etmiş xarici təsir və siyasi manipulyasiyaların sistemli yoxlanışı, dövlətin suverenliyinin qorunması və siyasi təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm bir addımdır. Həmçinin bu, köhnə siyasi strukturların və xarici maraqlara bağlı qrupların fəaliyyətinin açıq şəkildə ifşası, dövlət və cəmiyyət üçün daha şəffaf və təhlükəsiz siyasi mühitin təmin olunması istiqamətində əhəmiyyətli mesajdır".
Planetinfo.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, son günlər aparılan istintaq və yayılan məlumatlar göstərir ki, Mehdiyev-Kərimli iş birliyi uzun illər ərzində mövcud olub:
"Xarici təsir kanalalrı ilə formalaşdırılan bu birlik 2012–2013-cü illərdə Milli Şuranın yaradılması ilə davam edib və sonrakı dövrdə də inkişaf etdirilib. Həmin dövrdə Rusiyanın birbaşa sifarişi ilə yaradılan “Milyarderlər İttifaqı” adlı qurumun da, daha sonra parallel şəkildə Azərbaycanda yaradılan “Milli Şura” adlı qurumun da qarşısında bir məqsəd qoyulmuşdu - ölkədə keçiriləcək Prezident seçkiləri ərəfəsində vahid müxalifət bloku yaratmaq, ölkədə ictimai rəyi yönləndirmək və manipulyasiya etmək, ən nəhayət “vahid namizəd” üzərində konsensus əldə etmək".
Politoloq qeyd edib ki, həmin dövrdə də əslində Milli Şuranın fəaliyyəti yalnız daxili siyasət kontekstdə deyil, eyni zamanda xarici təsirlərlə əlaqələndirilmiş hərəkat kimi qiymətləndirilirdi:
"Aparılan istintaq göstərir ki, bu xarici təsir və koordinasiya sxemlərinin izləri hələ də müəyyən dərəcədə mövcuddur. Əli Kərimlinin istintaqa cəlb olunması və evində aparılan axtarış zamanı “Milyarderlər İttifaqı” ilə bağlı materialların tapılması, həmçinin Ramiz Mehdiyev tərəfindən yazılan məktubun ilkin redaktə variantlarının aşkarlanması, Kərimli ilə Mehdiyev mərkəzli şəbəkə arasında əlaqələrin real olduğuna dair əsasları gücləndirir.
Odur ki, hazırda aparılan prosses dövlət siyasətində milli təhlükəsizlik prioritetlərinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu cür açıq və sistemli yoxlanış cəmiyyətdə şəffaflıq mühitinin formalaşmasına xidmət edir. Aparılan istintaq həm də gələcəkdə siyasi mühitin daha sabit və təhlükəsiz olmasına zəmin yaradır. Belə ki, xaricdən maliyyələşdirilmiş və geosiyasi maraqlara xidmət edən şəbəkələrin ölkə daxilində siyasi kanalları manipulyasiya etməyə cəhdlərinin qarşısının alınması, Azərbaycanın suverenliyi və milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir".
Anar