Siyasət 13-11-2025, 06:53

Prezidentin mesajları məmurlara qarşı ciddi siqnal hesab oluna bilər



“Prezident İlham Əliyev, yeni təyinat almış icra hakimiyyəti başçıları ilə görüşü zamanı, maraqlı mesajlar verdi. Dövlət başçısı, “heç kim qanundan yuxarı ola bilməz” və “ vəzifəsindən öz məqsədləri üçün istifadə edənlər cəzalarını alıb və bundan sonra da alacaqlar” mesajlarını verdi və bu mesajlar hakimiyyət orqanlarında çalışan bütün rəhbər məmurlara qarşı ciddi siqnal hesab oluna bilər”.

Bu fikirləri Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, son vaxtlar həyata keçirilən kadr dəyişikliyi və yeni təyinatlar prezidentin bu istiqamətdə yürütdüyü siyasətdə ciddi olduğunu bir daha göstərdi:

“Gizli deyil ki, ölkədə icra hakimiyyəti strukturuna rəhbərlik edənlər arasında uzun illər ərzində ciddi şəkildə özbaşınalıqlara yol verənlər olub. Vəzifədən sui-istifadə və korrupsiya halları hər il icra strukturlarında hüquq mühafizə orqanları tərəfindən aşkarlanaraq qarşısı alınsa da, bu istiqamətdə mübarizənin nəticələri, əlbəttə ki yetərli hesab oluna bilməzdi. Bu səbəbdən digər dövləti cinayətlərə də yol açan şəbəkənin zərərləşdirilməsi, onların bir qismi haqqında cinayət işi açılması və digərlərinin istintaqa cəlb olunması, prezident İlham Əliyevin hakimiyyət daxilində islahatların həyata keçirilməsi kimi də qəbul edilməlidir. İlham Əliyevin bu faktlar üzərindən, yeni təyinatlara verdiyi tapşırıqlar həmçinin bu istiqamətdə yürütdüyü siyasətin ciddiliyini dərk etməyə çağırış kimi də qəbul edilə bilər”.

Çingiz Şahbazi deyib ki, prezidentin yeni təyinat almış icra hakimiyyətləri başçıları ilə görüşündə korupsiya və rüşvətə qarşı dözümsüzlük xüsusi olaraq vurğulandı:

“Regionlarda əsas infrastruktur layihələrinin genişləndirilməsi istiqamətində məşğulluq, sosial iqtisadi inkişaf məsələlərinin prioritet olduğu ifadə edildi. Böyük vəzifə-böyük məsuliyyət deməkdir. Bu səbəbdən yeni təyin olunan icra başçılarına göstərilən etimadı doğrultmağın vacibliyini anladan tapşırıqların yer alması xüsusi olaraq diqqət çəkən məqamlardandır”.

Anar

Xəbər lenti