
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni təyin olunmuş icra başçılarına verdiyi tapşırıqlar təkcə həmin vəzifə sahiblərinə deyil, bütövlükdə ölkədəki bütün məmur sisteminə ünvanlanmış ciddi mesaj idi. Bu tapşırıqların hər cümləsində həm xəbərdarlıq, həm də dövlət idarəçiliyində yeni mərhələ tələbi dayanır. Burada söhbət yalnız gündəlik işin təşkili və ya formal hesabatçılıqdan getmir, söhbət vəzifə məsuliyyətinin mahiyyətini dəyişməkdən, dövlət qulluqçusunun xalq qarşısındakı borcunu yenidən dərk etməsindən gedir. Prezident açıq şəkildə bildirdi ki, məmur xalqa xidmət etməlidir, kabinetdə oturub əsas problemdən uzaq düşməməlidir, şəffaflıq, qanunçuluq və ədalət prinsipi hər bir addımın əsasında dayanmalıdır. Bu tələblər əslində illərdir formalaşan dövlət kursunun davamıdır, lakin bu dəfə ton daha kəskin, mesaj daha konkret, gözlənti isə daha sərtdir. Bu, ölkədə idarəetmənin yeni standartlara qaldırılması üçün həm siyasi iradə, həm də icra intizamının gücləndirilməsi deməkdir.
Məsələ ondadır ki, bu tapşırıqlar yalnız yeni icra başçılarına aid deyildi. Prezident bu çağırışı ilə bütün məmur korpusuna “özünüzə çəki düzən verin” mesajı verdi. Çünki dövlət başçısının vurğuladığı problemlər, laqeydlik, vətəndaşla ünsiyyətin zəifliyi, korrupsiya və səlahiyyət sui-istifadəsi, təkcə bir bölgənin və ya bir qurumun problemi deyil, sistem daxilində zaman-zaman üzə çıxan ümumi xəstəliklərdir. Məhz buna görə də Prezidentin çıxışı daha geniş dairəyə hesablanmış siyasi siqnal kimi dəyərləndirilməlidir.
İndi əsas sual budur ki, digər məmurlar bu mesajdan nəticə çıxaracaqmı? Çıxarmalıdırlar, çünki dövr dəyişib, cəmiyyətin gözləntiləri artıb, məsuliyyət isə daha kəskin şəkildə nəzarətdədir. Bu gün hər bir məmur bilməlidir ki, vəzifə toxunulmazlıq deyil, xidmət öhdəliyidir. Xalqın narazılığı, fərdi problemlər, sosial şikayətlər kabinetlərin qapısı arxasında gizlənə bilməz. Prezidentin açıq tənqidi dövlət qurumlarının bundan sonra daha ciddi diqqət altında olacağının göstəricisidir. Hər bir məmur anlamalıdır ki, dövlət rəhbərliyinin tələb etdiyi yeni idarəetmə modeli şəffaflıq, ədalət, vicdan və xalqa yaxınlıq üzərində qurulub. Bu modeli tətbiq etməyən, dəyişməyən, yenilənməyən, cəmiyyətlə ayaqlaşmayan hər kəs gec-tez sistemdən kənarlaşdırılacaq. Əliyevin mesajının mahiyyəti də budur, dövlət idarəçiliyində məsuliyyətsizliyə, özbaşınalığa, laqeydliyə yer qalmayıb və qalmayacaq.
Prezidentin son çıxışı göstərdi ki, Azərbaycan idarəçiliyində yeni mərhələ başlayır. Bu mərhələdə məmur ya xalqa xidmət edən real dövlət adamına çevriləcək, ya da bu yükün altında qalaraq sistemdən silinəcək. Seçim hər bir məmurun öz əlindədir.
Süleyman