Siyasət 17-11-2025, 07:58

Azərbaycanın Məşvərət Görüşündə təmsil olunması iştirakçı dövlətlər üçün də önəmlidir



“Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb və bu gün sözügedən regionda fəaliyyət göstərən ən nüfuzlu siyasi platformalardan biri kimi tanınmaqdadır. Məqsəd Mərkəzi Asya ölkələri arasında dialoqu, inteqrasiyanı və regional əməkdaşlığı genişləndirməkdir”.

Bu fikirləri Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, sayca 7-ci toplantıya qatılan Azərbaycan Prezidenti İlham Əliyev, artıq Azərbaycanın da tamhüquqlu iştirakçı olaraq təmsilçiliyini təmin etdi və bundan sonra Azərbaycan, bu görüşlərdə öz siyasi və iqtisadi maraqlarını təmin etmək üçün öz siyasətini quracaq:

“İlham Əliyevin bu platformada, daha öncəki toplantılar çərçivəsində görüşləri, çıxışları və təklifləri olub. Bu gün artıq Azərbaycan, tamhüquqlu iştirakçı ölkələrdən biri kimi fəaliyyət göstərməyə imkan qazandı və bundan sonra, geosiyasi və geoiqtisadi maraqlarını və xarici siyasətini daha da möhkəmləndirmək imkanı əldə edir”.

Çingiz Şahbazi qeyd edib ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Azərbaycanın xarici siyasəti və regiondakı geosiyasi rolu baxımdan, mühüm əhəmiyyətə malik siyasi platformadır və əhəmiyyəti böyükdür:

“Görüşlərdə əsasən siyasi, iqtisadi, nəqliyyat, tranzit, rəqəmsal infrastruktur, təhlükəsizlik kimi sahələr müzakirə olunur. Bu format, regionda daha dərin iqtisadi inteqrasiyaya xidmət edir. Tranzit daşımaların tariflərinin optimallaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı, Azərbaycan Prezidenti İlham Əliyevin təklifləri, görüşdə müzakirə olunub. Azərbaycan kimi regiondan kənar, lakin coğrafi və mədəniyyət yaxınlığı baxımından bir dövlətin əlbətdə ki, bu platformada tamhüquqlu olaraq təmsilçiliyi, iştirakçı dövlətlər üçün də çox önəmlidir”.

Füzuli

Xəbər lenti