Sosial 1-12-2025, 14:49

Övladını dilənməyə məcbur edən valideyni hansı cəza gözləyr?



Son vaxtlar müşahidə edilən mənfi tendensiyalardan biri də ondan ibarətdir ki, bəzi hallarda valideynlər azyaşlı övladlarını dilənməyə məcbur edirlər. Düzdür, hüquq-mühafizə orqanları bu kimi mənfi hallara qarşı zaman-zaman tədbirlər həyata keçirsə də, lakin problemi tamamilə aradan qaldırmaq mümkün olmur. Bəs görəsən qanunvericlikdə övladını dilənməyə məcbur edən valideyn üçün hansı cəza növü nəzərdə tutulur?

Hüquqşünas Əli İbrahimov Planetinfo.az-a bildirib ki, uşaqların dilənməyə cəlb edilməsi cəmiyyətdə ən ağır mənəvi və hüquqi pozuntulardan biri sayılır. Onun sözlərinə görə, bu, təkcə uşağın küçələrdə istismara məruz qalması deyil, həm də onun fiziki və psixoloji təhlükəsizliyinin, təhsil almaq hüququnun, sağlam inkişafının və ümumən insan ləyaqətinin ciddi şəkildə zədələnməsi deməkdir:

“Azərbaycan qanunvericiliyi belə hallara qarşı xüsusi cinayət və inzibati məsuliyyət tədbirləri müəyyən edib və valideynin məsuliyyəti birbaşa təsbit olunub. Dilənçilik İnzibati Xətalar Məcəlləsinə görə, avaralıqla məşğul olmanın bir formasıdır. Belə ki, “avaralıqla məşğul olan” dedikdə, müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla) mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür. Dilənçilik etməyin özü İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinə görə məsuliyyətə səbəb olur. Belə ki, bu əmələ görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya 20 manatdan 25 manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən dilənçiliyə cəlb edilməsinə görə 50 manatdan 90 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 5 gündən 15 günədək müddətə inzibati həbs tətbiq edilir”.
Hüquqşünas qeyd edib ki, əlavə olaraq, uşaqların təhsildən ayrılmasına görə, İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsi digər bir məsuliyyət də nəzərdə tutur:

“Belə ki, Məcəllənin 181.0.1-ci maddəsinə görə, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. Digər tərəfdən uşaqların dilənçiliyə cəlb edilməsi açıq-aşkar valideynlər tərəfindən uşaqların təlim-tərbiyəsi vəzifələrinin yerinə yetirilməməsi deməkdir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyası (maddə 17, II hissə) və Ailə Məcəlləsi (maddə 58) valideynlərin uşaqlarını tərbiyə etmək vəzifələrini birbaşa təsbit edir. Valideynlərin bu vəzifələrini yerinə yetirməməsinə görə də İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi məsuliyyət müəyyən edir. Belə ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə edilir. Bu maddədə nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir. Həmçinin bu maddədə nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya 14 yaşından 16 yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir”.

Anar

Xəbər lenti