
“SƏHHƏT” İctimai Fondu (SİF) tərəfindən vərəm xəstəliyinin profilaktikasına həsr olunmuş sanitar-maarifləndirici layihə həyata keçirilib. Layihənin əsas məqsədi əhali arasında vərəm xəstəliyi barədə məlumatlılığın artırılması, xəstəliyin qarşısının alınması və profilaktik tədbirlərin əhəmiyyəti barədə ictimaiyyətin maarifləndirilməsi olub. Layihə çərçivəsində iştirakçılara vərəmin yaranma səbəbləri, yoluxma yolları, əsas əlamətləri və xəstəlikdən qorunma üsulları haqqında məlumatlar təqdim edilib. Sanitar-maarifləndirici görüşlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, vərəmin erkən aşkar edilməsinin və vaxtında tibbi müayinədən keçməyin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin şəxsi gigiyena qaydalarına əməl olunması, yaşayış və iş yerlərinin havalandırılması, sağlam həyat tərzinin qorunması kimi profilaktik tədbirlər barədə məlumat verilib. Layihənin həyata keçirilməsi əhali arasında vərəm xəstəliyinə dair düzgün məlumatların yayılmasına, xəstəliyin qarşısının alınması ilə bağlı maarifləndirmənin gücləndirilməsinə və sağlam həyat tərzinə diqqətin artırılmasına xidmət edib. “SƏHHƏT” İctimai Fondu bu istiqamətdə sanitar-maarifləndirici fəaliyyətlərin həyata keçirilməsini və əhalinin sağlamlığının qorunmasına yönəlmiş ictimai təşəbbüslərin dəstəklənməsini əsas məqsədlərindən biri kimi qarşıya qoyub.