Bu gün Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Qələbənin beşinci ildönümünə həsr olunan 5 km məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.
Planetinfo.az xəbər verir ki, 200 nəfərdən çox iştirakçının mübarizə apardığı yarışlara rayonun Bəydili kəndinin giriş hissəsindən start verilib. Şəhər mərkəzi boyu davam edən yarışlar Biləsuvar şəhərinin Mərkəzi Parkında qurulmuş finiş xəttində yekunlaşıb. Yarışları birinci olaraq Nəsimi kənd sakini Hüseynov Seymur Turab oğlu, ikinci olaraq Ovçubərə kənd sakini Məmmədli İsmayıl Emin oğlu və üçüncü olaraq Nəsimi kənd sakini Qasımlı Elmir Elşən oğlu başa vuraraq qalib olublar.
Yarışlarda həmçinin 4-cü və 5-ci yeri tutan Saqiyev Səid Rövşən oğlu və Kazımlı Vüsal Əfqan oğlu fərqləndiklərinə görə təltif ediliblər.
Mükafatlandırma mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Zəfər bayramının 5-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı nəticəsində 44 gün müddətində qazandığı qələbədən danışdı. İcra başçısı qələbənin əldə olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda yaşayacağını və hər zaman minnətdarlıqla anılacağını bildirdi.
Tədbirdə YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov və idarənin Biləsuvar sektorunun müdiri Azad Quliyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışıblar.
Sonra qaliblərə medallar, Fəxri fərmanlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.