Sosial 5-11-2025, 16:38

Siyəzəndə müharibə iştirakçılarının gənclərlə görüşü keçirilib

Siyəzəndə müharibə iştirakçılarının gənclərlə görüşü keçirilib
5 noyabr 2025-ci il tarixində Siyəzən Gənclər Evi Sosial Xidmət Müəssisəsində 8 noyabr Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” – təltif olunmuş müharibə iştirakçılarının gənclərlə görüşü keçirilib.

Gənclər Evindən Planetinfo-az-a verilən məlumata görə, görüşdə məqsəd müharibə iştirakçıları ilə gəncləri bir araya gətirmək, onların təcrübə və xatirələrini paylaşmaq, Vətənə olan bağlılıq hissini daha da gücləndirmək olmuşdur. Bu əlamətdar günün qeyd olunması, yalnız 2020-ci ildəki zəfərdən sonra əldə edilən qələbənin və müharibədəki qəhrəmanlığın təbliği baxımından deyil, həm də gənclərin milli dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Tədbir iştirakçıları Gənclər Evi Sosial Xidmət Müəssisəsinin foyesində təşkil olunmuş sərgiyə baxış keçiriblər. Sərgidə rayonun həvəskar rəssamlarının əl işlərindən ibarət müxtəlif əsərlər nümayiş olunmuşdur. Rəssamların əsərlərində həm Vətən müharibəsinin mübariz ruhu, həm də xalqımızın tarixindəki qəhrəmanlıq və əzmkarlıq əks etdirilmişdir.
Tədbir çay süfrəsi ətrafında davam etdirilmişdir.


Tədbirdə 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsinin iştirakçıları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri, ictimai birliklərin nümayəndələri və gənclər bir araya gəlmişlər. Tədbirdə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Zəfər Gününün əhəmiyyətini vurğulayaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəni, müharibə iştirakçılarının göstərdiyi şücaəti yüksək qiymətləndirmişdir. Novruz Novruzov həmçinin gənclərin bu zəfərə necə töhfə verdiyini və gələcəkdə bu ruhu daşımaq üçün necə bir vətənpərvərliyə sahib olmaları gərəkdiyini qeyd etmişdir.

Daha sonra qısametrajlı film təqdim olunmuşdur. Film, Vətən müharibəsinin müxtəlif mərhələlərini əks etdirərək, gənclərdə döyüşçülərə olan hörməti daha da artırmaq məqsədini güdürdü. Film təqdimatından sonra, müharibə iştirakçıları öz həyat və döyüş təcrübələrini gənclərlə bölüşüblər. Onlar, müharibənin ağır şəraitində keçdikləri döyüş yollarını və qazandıqları zəfərləri izah ediblər. Gənclər bu qeyri-adi təcrübələrə maraq göstərərək müxtəlif suallar veriblər. Bu dialoqlar, iştirakçılara həm motivasiya verib, həm də onların vətənpərvərlik hissini daha da dərinləşdirmişdir.
Tədbirdə digər çıxış edən natiqlər müharibə qəhrəmanlarının gənclərə necə ilham verə biləcəyini vurğulamış və bu cür tədbirlərin, vətənpərvərlik ruhunun gənc nəsillərə aşılanmasında əhəmiyyətini qeyd etmişlər.

Tədbirin sonunda, Novruz Novruzov yekun nitqində gənclərə çağırış edərək, Vətənə olan sevgilərini, millətə bağlılıqlarını və güclü vətənpərvərlik hisslərini qorumağın vacibliyini qeyd edib. Bu cür tədbirlərin gənclərin ruhunu daha da gücləndirəcəyini və onları gələcəkdə daha azad, daha güclü vətənpərvər vətəndaşlar kimi yetişdirəcəyini vurğulamışdır.

Xəbər lenti