Sosial 5-11-2025, 16:44

Azərbaycanda "Fərqliliyin rəngi" adlı festival keçirilir

Azərbaycanda "Fərqliliyin rəngi" adlı festival keçirilir
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə “Fərqliliyin rəngi” adlı festival keçirilir.

Komitədən Planetinfo.az-a verilən məlumata görə, Bakı Ekspo Mərkəzində təşkil edilən tədbirin məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin unikal nümunəsini təqdim etmək, habelə onların adət-ənənələrinin, mədəni irslərinin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.

Festivalda dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri, eləcə də digər dini məzmunlu materiallardan ibarət sərgilər açılıb.

Festival iştirakçıları əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Bakı şəhəri Dağ yəhudiləri dini icması, Sefarad yəhudilərinin Bakı dini icması və Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, Krişna şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmaları daxil olmaqla bir çox dini qurumun stendləri ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycandakı tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov açılış nitqi ilə çıxış edərək festival iştirakçılarının hər birinə mənəvi birliyə töhfə verdikləri üçün təşəkkür edib. Komitə sədri bildirib ki, ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və milli-mənəvi dəyərlərə verdiyi önəm dayanır. Konstitusiyamızda təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelimizin əsas hüquqi dayağı, xalqımızın əsrlər boyu formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ölkəmizin ən böyük sərvətlərindən biri etnik-dini müxtəlifliyimiz və bu müxtəlifliyin milli həmrəyliyə çevrilməsidir. Ramin Məmmədov qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır. O vurğulayıb ki, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha inamla addımlayır. Festivalda nümayiş olunan fotostendlər, videoçarxlar, ədəbiyyat nümunələri, əl işlərindən ibarət sərgilər və musiqi proqramları isə Azərbaycanın zəngin mədəni-dini palitrasını bütün rəngləri ilə əks etdirir. Bu tədbir bir daha göstərir ki, Azərbaycan dövlətçiliyi minillik dəyərlərdən, hüquqi ədalət və milli iradədən güc alır. R.Məmmədov qeyd edib ki, festival təkcə mədəni tədbir deyil, həm də suverenliyimizin, Konstitusiya prinsiplərimizin və çoxəsrlik birgəyaşayış modelimizin canlı nümayişidir.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov dini icmalar üçün ayrılmış çadırlarla tanış olarkən nümayiş olunan, əsrlərin sınağından çıxmış müqəddəs kitablara diqqət çəkib. Tarixən olduğu kimi, bu festivalda da müxtəlif dinlərin, inancların ahəngdar şəkildə birləşdiyini və bu mühitdə yaranan milli özünəməxsusluqların ahənginin yarandığını qeyd edib. R.Hüseynov Azərbaycanda mövcud tolerantlıq ənənələrinin, dinlərin rəngarəngliyinin, xalqların müxtəlifliyinin aparılan uğurlu dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib. Bu ənənələrin tarix boyu yaşadığını və gələcək nəsillərə də ötürləcəyindən əminliyini qeyd edib. Sərgidə nümayiş olunan kitabların Azərbaycan dilində olmasını yüksək qiymətləndirib. Bu ahəngdarlığın ilahi tərəfdən Azərbaycana bəxş edildiyini və bunu qoruyub gələcəyə ötürməyin mühüm vəzifə olduğunu deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda tarixən yaşayan, sonradan buraya köç edən, özünə Vətən seçən insanların dini inancı, əqidəsi, dünyagörüşündən, asılı olmayaraq, bizi birləşdirən dəyərləri üstün tutduqlarını deyib. O bildirib ki, müstəqillik tam mənada xalqın iradəsinə söykənməsə, dövlətin bütövlüyünü qorumaq mümkün deyil. Biz tariximizdə belə acılı günləri yaşamışıq, amma Zəfər zirvəsindən keçmişə baxanda, bu günü dəyərləndirəndə və gələcəyə yönəlik planlarımızı formalaşdıranda istinad nöqtəmiz, ilk növbədə bu fərqliliyin yaratdığı vəhdətdir. Bu fərqliliyin yaratdığı həmrəylik və birlikdir.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan əhalisinin çoxluğunun müsəlman olmasına baxmayaraq, festival çərçivəsində qurulan çadırların rəngarəngliyinə diqqət çəkib. Bildirib ki, festival Azərbaycandakı tolerantlıq mühitinin mahiyyətini əks etdirir. Dövlətin tolerantlığı onun siyasətinin tərkib hissəsidir. Amma bir xalqın, millətin tolerantlığı özlüyündə mənəvi yetkinliyin, daxili mədəniyyətin, insanlığın göstəricisidir. O qeyd edib ki, çoxəsrlik tolerantlıq ənənəsinin daşıyıcısı olan Azərbaycan cəmiyyəti bu gün haqlı olaraq dünyada başqalarına örnək ola biləcək nadir cəmiyyətlərdən biri hesab olunur.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev festivalın Azərbaycanda mövcud olan birgəyaşayışın əyani təzahürü olduğunu deyib. Müxtəlif dinlərə mənsub insanların Azərbaycançılıq məfkurəsinin əsas prinsipləri olan tolerantlıq, qarşılıqlı hörmət və milli birlik ruhu altında birləşərək, ölkəmizin sülh və həmrəylik mühitinə töhfə verdiyini bildirib. Müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə vuruşaraq, Azərbaycan xalqının birliyini və həmrəyliyini sübut etdiyini vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycanın multikulturalizm modeli artıq yalnız ölkə daxilinə yönəlmiş siyasət deyil, eyni zamanda qlobal səviyyədə nümunə olaraq təqdim olunur. O qeyd edib ki, festivalın əsas iki mənası - fərqliliklərin yanaşı mövcud olması və bir-birini tamamlamasıdır. R.Həsənov bildirib ki, Azərbaycanda mövcud olan müxtəlif mədəniyyətlər və inanc sistemləri bir-birini tamamlayır, zənginləşdirir və harmonik şəkildə təqdim olunur. R.Həsənov vurğulayıb ki, Festival həm də dinlərarası dialoqun real nümunəsidir. Fərqli inanca sahib insanlar burada bir-birinin nəşrləri ilə tanış olur, fikir mübadiləsi aparır və əməkdaşlıq qururlar.

Festival bədii hissə ilə davam edir.

Qeyd edək ki, tədbirin media tərəfdaşı "Global Media Group"dur.

Xəbər lenti