Sosial Bugün, 10:20

Aşağı sinif şagirdləri üçün YENİLİK - Ev tapşırığı əvəzinə bu üsul tətbiq olunacaq


Son illərdə aşağı sinif şagirdlərinin məktəblərdə zehni yüklənməsi valideynlərin narazılığına səbəb olmaqla yanaşı, cəmiyyətdə də geniş müzakirəyə səbəb olur. Xüsusilə məktəb sıralarına yeni başlamış, hələ körpə çiyinləri ağır çantalara alışmamış bu uşaqlar bir də mental yüklənmənin altında əzilirlər.


Belə olduqda bəzi pedaqoqlar aşağı siniflərdə oxuyan uşaqlar üçün ənənəvi ev tapşırıqlarının əvəzinə alternativ üsullar təklif edirlər: həftə sonu üçün yazılı tapşırıqlar əvəzinə şagirdlər bədii ədəbiyyat oxusunlar.


Bu üsulun məqsədi uşaqları həm əlavə zehni yüklənmədən qorumaq, həm də onlarda kitab oxumağa maraq yaratmaqdır.

Movzu ilə əlaqədar əməkdar müəllim, metodist İradə Teyyubova Bizim.Media-ya bildirdi ki, bu yanaşma bir çox hallarda effektiv hesab edilir, amma tədrisi tam əvəz etmir:

“Uşaqların oxu bacarıqlarını, göz yaddaşını inkişaf etdirmək, söz ehtiyatını artırmaq üçün bədii ədəbiyyat faydalıdır. Amma ev tapşırıqları da sinifdə keçilən dərsin daha da möhkəmləndirilməsi üçün evdə təkrarı deməkdir. Bu, uşaqda keçilən dərsə qarşı məsuliyyət hissini artırır”.

Pedaqoq bildirir ki, ən yaxısı aşağı siniflərdə balans qorunmasıdır.


Tamamilə ev tapşırığını ləğv etmək əvəzinə, onu azaltmaq və oxu ilə əvəz etmək daha yaxşı olardı.


“Həftə sonu üçün keçilmiş dərslə əlaqədar kiçik tapşırıq və qısa bədii qiraət kifayət edər. Növbəti həftə isə oxuduğu nağıl, hekayə haqqında sadə suallar verilə, kiçik müzakirə aparıla bilər. Bu, şagirdlərdə motivasiya yaradacaq. Yəni bədii ədəbiyyat əvəzləyici deyil, tamamlayıcı kimi tətbiq olunmalıdır”.

Xəbər lenti