4 noyabr 2025-ci il tarixində keçirilən Nyu-York mer seçkilərində demokrat Zohran Mamdaninin qalib gəlməsi təkcə Nyu-York üçün deyil, ABŞ siyasətində də əhəmiyyətli siqnalları özündə ehtiva edir.
Bunu
Planetinfo.az-a politoloq Rəşad Bayramov deyib.
"Mamdani şəhərin ilk müsəlman meri olmaqla yanaşı, Cənubi Asiya mənşəli və Afrika doğumlu gənc siyasətçi kimi də tarixi rol oynayır. O, həmçinin özünü “demokratik sosialist” kimi təqdim edir ki, bu da onun qələbəsini ABŞ siyasətində ideoloji dönüş kimi qiymətləndirməyə imkan verir" - politoloq deyib.
O, qeyd edib ki, Mamdaninin qalibiyyəti bir neçə aspektdə diqqət çəkir. İlk olaraq, bu, ABŞ Demokratiik Partiyası daxilində sol qanadın güclənməsinin göstəricisidir. Nyu-York kimi böyük şəhərin meri kimi seçilməsi, ənənəvi demokrat namizədlərdən uzaqlaşma meylini əks etdirir. Bu isə, öz növbəsində, yerli səviyyədən federal səviyyəyə qədər partiyanın siyasi xəttinə təsir göstərə bilər:
"İkincisi, seçkilər göstərdi ki, gənc və müxətlif etnik qruplara malik seçici qrupların təsiri artmaqdadır. Mamdani bu qrupun dəstəyini alaraq qalib gəldi ki, bu, ABŞ üzrə siyasi partiyaların növbəti seçici bazasını nəzərdən keçirməsi üçün əhəmiyyətlidir. Beləliklə, gənclərin və müxtəlif etnik mənşəli seçicilərin siyasətdə daha fəal rol oynama potensialı açıq şəkildə görünür.
Üçüncüsü, Mamdaninin kampaniya platforması – mənzil kirayəsi ilə bağlı tədbirlər, ödənişsiz ictimai nəqliyyat, varlılardan əlavə vergilər – ABŞ-da ənənəvi mərkəzçi siyasətə alternativ təkliflərin irəli sürülməsini nümayiş etdirir. Bu, yerli siyasətdə radikal ideyaların gündəmə gəlməsinin mümkünlüyünü göstərir və digər şəhərlərdə də analoji siyasət eksperimentlərinə yol açır.
Mamdani qalib gəlsə də, qarşıda ciddi çağırışlar dayanır. Onun vəd etdiyi dəyişiklikləri həyata keçirmək üçün yerli idarəetmə strukturuna, bürokratiyaya və federal dəstəyə ehtiyac var. “Demokratik sosialist” etiketinin ABŞ-da hələ də siyasi risk daşıdığı nəzərə alınarsa, federal və konservativ dairələrdən qarşıdurma riski mövcuddur. Bununla belə, Mamdaninin qələbəsi Nyu-York və ABŞ siyasətində sol qanadın rolunu gücləndirir və gənc seçici bazasının siyasi təsirini ön plana çıxarır.
Nəticə olaraq, Zohran Mamdaninin seçilməsi ABŞ üçün ideoloji diversifikasiya, demoqrafik bazanın yenilənməsi və yerli siyasətdə ənənəvi olmayan proqramların mümkünlüyü kimi siqnallar daşıyır. Onun əsas sınağı, yəni vəd etdiyi dəyişiklikləri gerçəkləşdirə bilib-bilməyəcəyi hələ qarşıdadır. Lakin onun qələbəsi artıq ABŞ Demokratiik Partiyası və geniş mənada amerika siyasəti üçün yeni dinamikanın başlanğıcı kimi qiymətləndirmək mümkündür".
Nəsimi