İran ABŞ və onun müttəfiqlərinin bölgədəki maraqlarına zərbə vurmaq üçün yeni hədəflərə yönəlib. Tehran artıq neft və enerji infrastrukturu ilə yanaşı, məlumat emalı mərkəzlərini də potensial hədəf kimi nəzərdən keçirir.
Bu barədə Rusiya Dövlət Sosial Universitetinin professoru, hüquq elmləri doktoru Yuri Jdanov “Mk.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, məlumat emalı mərkəzləri müasir müharibədə mühüm əhəmiyyət daşıyır. Bu obyektlərdə hərbi əməliyyatların planlaşdırılması və qoşunların operativ idarə olunması üçün vacib informasiyalar emal edilir.
Ekspert qeyd edib ki, İran artıq Fars körfəzi regionunda bir neçə məlumat emalı mərkəzinə zərbə endirib. ABŞ da öz növbəsində İrandakı belə obyektlərdən birini hədəfə alıb.
Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu daha əvvəl regionda hücum ediləcək 29 texnoloji obyektin siyahısını açıqlayıb. Siyahıda "Amazon", "Google", "Microsoft", "Nvidia" və "Palantir" kimi nəhəng şirkətlərə məxsus obyektlərin də olduğu bildirilir.
Jdanovun sözlərinə görə, məlumat emalı mərkəzlərinin hədəfə alınması təsadüfi deyil. Süni intellektin ABŞ və Fars körfəzi ölkələri üçün həm iqtisadi, həm də strateji əhəmiyyəti artdıqca, bu obyektlər daha həssas hədəflərə çevrilir.
Ekspert hesab edir ki, bu hücumlar müharibənin ümumi xarakterini köklü şəkildə dəyişməyəcək. Bununla belə, məlumat emalı mərkəzlərinin təhlükəsizliyi artıq dövlətlər və texnologiya şirkətləri üçün əsas məsələlərdən birinə çevrilə bilər.
Onun fikrincə, gələcəkdə bu obyektlərin qorunması üçün əlavə ehtiyat sistemləri yaradılacaq və məlumatların müxtəlif mərkəzlərdə saxlanılması genişlənəcək. Lakin bu, texnologiya şirkətləri üçün əlavə maliyyə yükü yaradacaq.
Buna baxmayaraq, ekspert ABŞ və Fars körfəzi ölkələrinin süni intellekt layihələrindən imtina edəcəyini düşünmür.