Gündəm / Siyasət Bugün, 20:25

Türkiyə və Yunanıstan arasında yeni böhran: “Dəniz parkları” gərginliyi artırdı



Türkiyə ilə Yunanıstan arasında təxminən üç il davam edən nisbi sakitlikdən sonra münasibətlər yenidən gərginləşməyə başlayıb. Egey dənizi və Şərqi Aralıq dənizindəki yeni addımlar tərəflər arasında köhnə dəniz sərhədləri mübahisəsini yenidən gündəmə gətirib.

“Le Monde” Türkiyənin avqustun 17-də ilk iki milli dəniz parkını yaratmaq qərarının Ankara ilə Afina arasında yeni qarşıdurma mənbəyinə çevrildiyini yazıb.

Dəniz parklarından biri Egey dənizinin şimal-şərqində, digəri isə Aralıq dənizinin cənubunda yaradılacaq. Yunanıstan isə parkların müəyyən edilmiş sərhədlərinin öz suverenliyi altında olan ərazilərə toxunduğunu bildirir. Afina xüsusilə Lemnos və Samotraki adaları arasındakı suları, eləcə də Kastellorizo adası ətrafını mübahisəli hesab edir.

Yunanıstan Xarici İşlər Nazirliyi Ankaranın addımını “qanunsuz” adlandırıb. Afinanın mövqeyinə görə, yeni zonalar beynəlxalq sulara və Yunanıstanın kontinental şelfinə, yəni təbii sərvətlər üzərində suveren hüquqlarının olduğu dəniz ərazilərinə yayılır.

“Mavi Vətən” məsələsi yenidən gündəmdə

Türkiyənin keçmiş kontr-admiralı Cihat Yaycı dəniz parklarının yaradılmasını Yunanıstanın 2025-ci ildə iki dəniz parkı yaratmaq qərarına cavab kimi qiymətləndirib.

Yaycı Türkiyənin “Mavi Vətən” (“Mavi Vatan”) doktrinasının əsas müəlliflərindən biri hesab olunur. Bu konsepsiyaya əsasən Ankara Egey və Aralıq dənizlərində daha geniş dəniz əraziləri üzərində hüquqlarının olduğunu müdafiə edir.

Tərəflər arasında əsas mübahisələrdən biri Egey dənizində ərazi sularının və iqtisadi dəniz zonalarının sərhədlərinin müəyyənləşdirilməsidir. Türkiyə Yunanıstana məxsus adaların Anadolu sahillərinə yaxın yerləşdiyi üçün onların Ankara tərəfindən iddia edilən dəniz zonalarını məhdudlaşdırmamalı olduğunu bildirir.

Gərginlik havada da artır

Mübahisə fonunda Yunanıstan hava məkanının Türkiyə təyyarələri tərəfindən pozulması ilə bağlı insidentlərin də artdığı bildirilir.

Yunanıstan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ildə belə pozuntular qeydə alınmayıb. 2025-ci ildə onların sayı 225-ə çatıb, 2026-cı ilin əvvəlindən isə artıq 433 pozuntu qeydə alınıb. Xüsusilə pilotsuz uçuş aparatlarının müdaxilələrinin artdığı vurğulanır.

Bundan başqa, Kipr ilə Yunanıstanı birləşdirəcək və daha sonra İsrailə qədər uzadıla biləcək elektrik kabeli layihəsi də yeni qarşıdurma mənbəyinə çevrilə bilər. Kabelin planlaşdırılan marşrutu Türkiyənin Yunanıstanın dəniz hüquqlarını mübahisələndirdiyi ərazilərdən keçir.

Xəbər lenti