İsrail kəşfiyyatında yüksək vəzifəli şəxslərin istefaya göndərilməsi İran müharibəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilmədiyini göstərir.
Bu barədə “The Intercept” yazıb.
Nəşrin məlumatına görə, avqustun əvvəlində “Mossad”ın yeni rəhbəri Roman Qofman kəşfiyyat idarəsinin və İran istiqamətinin rəhbərlərini vəzifədən uzaqlaşdırıb. Qeyd olunur ki, belə yüksək səviyyəli istefalar İsrail kəşfiyyatında olduqca nadir hallarda baş verir.
“The Intercept” yazır ki, İsrail İran müharibəsini Tehrandakı rejimin sürətlə zəifləyəcəyi və nüvə proqramının məhv ediləcəyi kampaniya kimi təqdim edirdi. Lakin əsas hədəflərin əksəriyyətinə nail olunmayıb.
“Mossad”ın İranda kütləvi üsyan yaratmaq, kürd qruplaşmalarını silahlandırmaq və təhlükəsizlik qüvvələrini zəiflətmək planları da nəticə verməyib. İranın təhlükəsizlik strukturları fəaliyyətini davam etdirib, gözlənilən genişmiqyaslı xalq üsyanı isə baş verməyib.
Nəşr hesab edir ki, son istefalar “Mossad”ın strategiyasının uğursuzluğunun göstəricisi ola bilər. Buna baxmayaraq, İsrail rəhbərliyi İrana qarşı daha genişmiqyaslı yeni hərbi əməliyyata hazırlaşır.