Uqandanın Səhiyyə Nazirliyi epidemioloji baxımdan təhlükəli hesab edilən əl ilə salamlaşma və digər təmas üsullarına müvəqqəti qadağa qoyub.
Bu barədə “Nile Post” nəşri məlumat yayıb.
Xatırladaq ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası (KDR) və Uqandada Ebola virusunun yayılmasını fövqəladə vəziyyət kimi qiymətləndirib.
ABŞ Prezidenti Donald Tramp Afrikadakı Ebola epidemiyası ilə bağlı ciddi narahatlığını ifadə edərək, virusun qitənin hüdudlarından kənara çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Konqo Demokratik Respublikasının rəsmi nümayəndəsi Patrik Muyayya bu gün səhər saatlarında ölkədə 435 şübhəli Ebola halının qeydə alındığını açıqlayıb. O, vətəndaşları profilaktika tədbirlərinə ciddi riayət etməyə və sakitliyi qorumağa çağırıb. Uqandada isə indiyədək 2 yoluxma faktı təsdiqlənib.
İlkin məlumatlara görə, hazırkı Ebola epidemiyası nəticəsində dünyasını dəyişənlərin sayı 131-ə çatıb.