Novxanı qəsəbəsində yerləşən tanınmış "AF Hotel-Aqua Park" kompleksində baş verən güclü yanğın hadisəsi sözügedən istirahət mərkəzinin sahibinin kimliyini yenidən gündəmə gətirib. Bu nəhəng kompleks ilə paytaxtda bundan əvvəl tamamilə yanaraq külə dönən böyük ticarət mərkəzinin sahibi eyni şəxsdir.
Yanğının cənginə keçdiyi "AF Hotel" kompleksinin sahibi ölkənin tanınmış iş adamlarından olan Azay Möhnətovdur. O, Azərbaycanın iri kommersiya şəbəkələrindən biri hesab edilən "AF Holdinq" Şirkətlər Qrupunun rəhbəri, eyni zamanda "Uğur-97" şirkətinin prezidenti və Azərbaycan Memarlar Birliyinin üzvüdür.
İş adamı Azay Möhnətovun adı mətbuatda ilk dəfə deyil ki, iri yanğın hadisələri ilə yanaşı çəkilir. Xatırladaq ki, bundan əvvəl Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən və paytaxtın ən böyük tikinti bazarlarından biri sayılan "EuroHome" ticarət mərkəzində də analoji dəhşətli yanğın baş vermişdi. Həmin vaxt tamamilə yararsız hala düşən tikinti bazarının da rəhbəri və sahibi məhz A. Möhnətov idi. (nocomment.az)