İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə imzalanmış 60 günlük müvəqqəti atəşkəsin pozulacağı təqdirdə həyata keçiriləcək 4 mərhələli müharibə planını açıqlayıb.
Plana əsasən, birinci mərhələdə Hörmüz boğazından neft daşımalarının dayandırılması, neft tankerlərinə hücumların təşkili və dəniz minalarının yerləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, İrana qarşı əməliyyatlarda iştirak edəcək ölkələrin neft və emal infrastrukturlarına genişmiqyaslı raket zərbələrinin endiriləcəyi bildirilir.
İkinci mərhələdə Qırmızı dənizdə yeni cəbhənin açılması planlaşdırılır. Sənədə görə, Bab əl-Məndəb boğazına nəzarətin gücləndirilməsi, bölgəyə silah daşınmasının qarşısının alınması və müharibəni dəstəkləyən qüvvələrin maliyyə və logistika imkanlarının məhdudlaşdırılması hədəflənir.
Üçüncü mərhələ ABŞ üçün həm insan itkisi, həm də maliyyə baxımından daha ağır nəticələr doğurmağı hədəfləyir. Bu da ABŞ hərbçilərinə qarşı asimmetrik hücumların həyata keçirilməsini nəzərdə tutulur.
Dördüncü mərhələdə isə İranın "strateji qeyri-müəyyənlik" siyasətini gücləndirəcəyi, daha sərt "qırmızı xətlər" müəyyənləşdirəcəyi və mümkün hücumlara daha sərt cavab verəcəyi bildirilir.
İran rəsmiləri eyni zamanda ölkənin raket və pilotsuz uçuş aparatları arsenalının daha da genişləndirildiyini, hava hücumundan müdafiə sistemlərinin yenidən gücləndirildiyini açıqlayıblar.