Gəncə Şəhər Məhkəməsində qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə Kamran Əsədov yenidən prosesdə barəsində seçilən həbs qətimkan tədbirinin daha yüngül cəza ilə əvəzlənməsi vəsatəti ilə çıxış edib.
Hakim tərəflərin fikrini öyrənib və vəsatət təmin edilməyib.
Şahid qismində ifadə verən Şəbnəm Heydərova deyib ki, təqsirləndirilən Gündüz Abbasovu tanıyır, o, bacısının həyat yoldaşıdır. Şahid həmçinin əlavə edib ki, G.Abbasovu abituriyentlərə texniki vasitələrin verilməsinin qanun pozuntusu olduğu barədə xəbərdar edib.
Şahid Gültac Mehdiyeva qəbul imtahanları zamanı G.Abbasovun kursunda olmadığını bildirib. Dövlət ittihamçısı isə şahidin ibtidai istintaqa tam fərqli ifadə verdiyini bildirib.
Məhkəmədə şahid Xalıq Xəlilovun ifadəsindən məlum olub ki, onun tələbə yoldaşı Ruslan Çobanov Türkiyədə təhsil alan övladının Azərbaycan Tibb Universitetinə köçürülməsi üçün ondan kömək istəyib. Sonrakı dönəmlərdə R.Çobanov X.Xəlilovun Bakıda oxuyan oğluna 125 min dollar verib ki, bu məbləğin də bir hissəsi G.Abbasova çatıb.
Hakim 125 min manatdan niyə yalnız 77 min manatın G.Abbasova verildiyinin səbəbinin soruşub. R.Çobanov qalan vəsaitin Anar adlı şəxslə öz aralarında bölüşdürüldüyünü etiraf edib.
Məhkəmədə şahidlərin dindirilməsi yekunlaşıb. Prosesin davamında zərərçəkən tərəf adları çəkilən və cinayət işində adları gedən müəllimlər barəsində hüquqi qiymət verilməsi, həmin müəllimlər haqqında Elm və Təhsil Nazirliyinə təqdimat göndərilməsini istəyib.
Növbəti məhkəmə prosesi avqust ayının 13-ü saat 16-00 a təyin edilib.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.