Baş naziri Əli Əsədov işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Yeni qərar biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.
Sənədə əsasən, aidiyyəti normativ hüquqi aktlara və əsasnamələrə mühüm dəyişikliklər edilib:
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun qaydalarında, eləcə də elektron sistemin əsasnaməsində "kredit təşkilatları" ifadəsi "təşkilatlar" sözü ilə əvəz edilib.
“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi yeni redaksiyada təsdiqlənib.
Sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı bütün prosedurlar tamamilə elektron qaydada həyata keçiriləcək.