Ürəyi dayanmış, nəfəsi və nəbzi olmayan insana ilk saniyələrdə düzgün müdaxilə onun həyatını xilas edə bilər.
Bu barədə kardioloq, tibb elmləri namizədi Andrey Kondraxin "Qazeta.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, ilk növbədə zərərçəkəni çiyinlərindən yüngülcə silkələyərək reaksiyasını yoxlamaq lazımdır. Əgər cavab yoxdursa, dərhal təcili tibbi yardım çağırılmalı və ürəyin qapalı masajına başlanmalıdır.
Kondraxin qeyd edib ki, süni tənəffüs mütləq deyil. Sinə qəfəsinə ritmik təzyiqlər orqanizmə minimum səviyyədə oksigen çatdırmağa kömək edir. O, döş sümüyünün aşağı hissəsinə 30 güclü təzyiq göstərməyi, sonra vəziyyəti qiymətləndirməyi tövsiyə edib. Əgər yaxınlıqda başqa insanlar varsa, təcili yardım çağırmaq onlara həvalə edilməlidir.
Bu arada, təcili yardım həkimi Oleq Nesterov isti vurması zamanı bədəni buz kimi soyuq su ilə soyutmağın təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, bədən ilıq su ilə, xüsusilə üz, baş və saçlar isladılaraq soyudulmalıdır. Bu, ürək və damar sisteminə kəskin yük düşməsinin qarşısını alır. İsti vurmasının əlamətləri müşahidə olunarsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
Kardioloq Tatyana Romanenko isə başgicəllənməsi, ürək-damar xəstəlikləri və güclü zökəmi olan şəxslərə dənizdə çimməməyi tövsiyə edib. Həkim qeyd edib ki, günəş altında qızmış bədənin qəfil soyuq suya düşməsi damar spazmına, ürək ritminin pozulmasına, hətta ürəyin dayanmasına səbəb ola bilər.