Gündəm / Siyasət Dün, 22:30

Vardanyanın dostu olan yazıçını Bakıya kim dəvət edib? - Kitabını çap edən nəşriyyatdan cavab gəldiV



Xəbər verdiyimiz kimi, Nyu-York Universitetinin professoru və "Qara qu" kitabının müəllifi Nassim Taleb Azərbaycanda planlaşdırılan mühazirədə iştirakdan imtina edib. Yazıçı bildirib ki, onu Azərbaycana dəvət edən təşkilatçılar ilkin təklifdən sonra qonorarı əhəmiyyətli dərəcədə artırsalar da, bu, onun qərarına təsir etməyib.

Talebin məşhur "Qara qu" kitabının Azərbaycanda “Qanun” Nəşriyyatı tərəfindən nəşr olunması fonunda sosial şəbəkələrdə və bəzi platformalarda yazıçının ölkəyə məhz bu nəşriyyat tərəfindən dəvət edildiyi barədə iddialar yayılıb.


Şahbaz Xuduoğlu yayılan iddiaları qətiyyətlə təkzib etdi. Onun sözlərinə görə, Nassim Talebə Azərbaycanda mühazirə keçirməsi ilə bağlı hər hansı dəvət “Qanun” Nəşriyyatı tərəfindən edilməyib.

“Bu məsələ ilə bağlı nə iştirakımız, nə də hər hansı məlumatımız var. Biz yalnız Nassim Talebin "Qara qu" ("The Black Swan") kitabını Azərbaycan dilində nəşr etmişik və onun yaradıcılığını yaxından izləyirik. Lakin Azərbaycanda keçirilməsi planlaşdırılan tədbirlə bağlı heç bir əlaqəmiz yoxdur”, - deyə naşir bildirdi.



Şahbaz Xuduoğlu qeyd etdi ki, mediada səslənən yarım milyon dollar məbləği isə real görünmür:

“Taleb dünya səviyyəsində tanınmış müəllifdir, amma bu janrda çıxış edən müəlliflər üçün belə qonorarlar adətən bu səviyyədə olmur. Təcrübəmə əsasən, bu cür tədbirlərdə məbləğlər çox vaxt 10-15 min dollar civarında olur, əlbəttə tədbirin formatından, ölkədən və təşkilatçıdan asılı olaraq dəyişə bilər.

Müqayisə üçün deyim ki, qeyri-bədii ədəbiyyat sahəsində dünyanın ən çox tələb olunan müəlliflərindən biri Yuval Noah Harari hesab olunur. Mənim təsəvvürümdə belə, yarım milyon dollar qonorar bu bazarın adi reallığına uyğun görünmür. Taleb özü yalnız Azərbaycandan dəvət aldığını və təklifin artırıldığını yazıb, lakin nə təşkilatçının adını, nə də məbləği açıqlayıb. Ona görə də mediada dolaşan rəqəmləri təsdiqləmək mümkün deyil".

Naşir Nassim Talebin yanaşmasının dorğu olmadığını vurğuladı:

"Taleb səviyyəsində dünyaşöhrətli bir ziyalıdan məsələyə daha balanslı yanaşma gözləyərdim. Bir şəxslə dost olmaq təbiidir. Amma həmin şəxslə bağlı Azərbaycanda ağır ittihamlar irəli sürülüb və məhkəmə prosesi davam edir. Belə bir vəziyyətdə, hüquqi proses başa çatmadan yalnız dostluq münasibətinə əsaslanaraq qəti siyasi mövqe nümayiş etdirmək mənə görə düzgün yanaşma deyil.

Əgər bir ölkədə terrorçuluq, zorakılıq və insanların ölümünə səbəb olduğu iddia edilən əməllərlə bağlı məhkəmə gedirsə, ən doğru mövqe həmin prosesin nəticəsini gözləməkdir. Hüququn aliliyi bunu tələb edir.

Nassim Talebin əsərlərini yüksək qiymətləndirirəm. "Qanun" Nəşriyyatı onun “Qara qu" kitabını Azərbaycan dilində nəşr edib. Məhz buna görə də onun bu məsələdə daha ehtiyatlı və prinsipial mövqe tutacağını gözləyərdim. Elmi və intellektual nüfuzu olan insanların hüquqi cəhətdən həll olunmamış məsələlər barədə hökm verməsi əvəzinə, ədalətli məhkəmə prinsipini müdafiə etməsi daha doğru olardı".

Xəbər lenti