Bu ilin ilk 9 ayında velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 9 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) velosipedçilərə müraciətində bildirilib.
Qeyd olunub ki, velosipedçilər yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sırasındadırlar. Velosipedlərdə qəza zamanı sürücünü qoruya biləcək konstruktiv təhlükəsizlik elementlərinin olmaması toqquşmaların ağır nəticələrə səbəb olma riskini artırır.
BDYPİ xüsusilə respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxsləri ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, sutkanın qaranlıq vaxtı və görünmənin məhdud olduğu şəraitdə görünürlüğü təmin edən tədbirlər görmədən, eləcə də texniki cəhətdən nasaz və lazımi avadanlıqla təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yollarına çıxmaq ağır nəticəli qəzaların başvermə riskini artırır.
Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçilər xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidirlər. Həmçinin velosipedlər texniki cəhətdən saz və lazımi avadanlıqla təchiz olunmalı, idarəetməyə mane olan yük və ya sərnişin daşınmamalıdır.
İdarə velosipedçiləri və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.