Rusiyalı diyetoloq Mariya Fraqa nahar zamanı şorba və salat yeməyin faydalarını açıqlayıb.
O, bu barədə “Eating Well" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, hər iki yemək qanda qlükoza səviyyəsinin sabitləşməsinə kömək edir. Lakin bunun üçün düzgün inqrediyentlər seçilməlidir.
Diyetoloq qan şəkərinin kəskin yüksəlməsinin qarşısını almaq üçün yağsız toyuq və ya mal əti, eləcə də nişastasız tərəvəzlərlə hazırlanan şorbalara üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, belə şorbalar hüceyrələrin insulinə həssaslığını artırır və tərkibindəki qida lifləri sayəsində həzmi ləngidir.
Salat da qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Bunun üçün salat tərəvəz və qida lifləri ilə zəngin olmalı, tərkibində zülallar, keyfiyyətli karbohidratlar və faydalı yağlar yer almalıdır. Beləliklə, salat həm toxluq hissi yaradır, həm də qan şəkərinin yüksəlməsinin qarşısını almağa kömək edir.
Mütəxəssis naharda yalnız bir yeməklə kifayətlənməməyi, həm şorba, həm də salat yeməyi məsləhət görüb. Bu, qidalanmada müxtəlifliyi təmin etməyə və orqanizmin daha fərqli bitki mənşəli qidalar qəbul etməsinə imkan verir.