Pensiyanın sığorta hissəsinin artımı yaşla əlaqədar pensiyaya çıxan hər kəsi maraqlandıran məsələdir. Lakin onun necə və nəyin əsasında formalaşdığı heç də hamının məlumatı olduğu məsələ deyil.
Planetinfo.az xəbər verir ki, həmin məsələyə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən aydınlıq gətirilib.
Bildirilib ki, əmək pensiyasının sığorta hissəsi vətəndaşın 2006-cı il yanvarın 1-dək olan sığorta stajına və həmin vaxtdan sonrakı gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından formalaşan pensiya kapitalına uyğun hesablanan məbləğdir: “Pensiyanın məbləği əsasən sığorta hissəsindən ibarətdir və bu bütün pensiyaçılara aiddir. Bundan başqa, pensiyanın sığorta hissəsi ilə yanaşı əmək pensiyalarının tərkibinə 2023-cü il yanvarın 1-dən daxil edilmiş maddi yardım, "Əmək pensiyaları haqqından" Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər, hakimlər, deputatlar və s.) pensiyasına qulluq stajına görə əlavələr və həmin Qanunun vaxtilə qüvvədə olmuş 19-cu maddəsinə əsasən xüsusi kateqoriyadan olan şəxslərin pensiyalarına hesablanmış əlavələr daxildir. “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Prezidentin 9 fevral 2026-cı il tarixli 923 nömrəli Sərəncamına əsasən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının tərkibi ümumilikdə indeksləşdirilərək, həmçinin pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımlar da daxil edilərək hesablanır”, - deyə məlumatda qeyd olunub.