Gündəm 1-04-2026, 16:15

Bu ölkə sürücülük hüququndan imtina edən şəxslərə 50 min ödəyəcək



Malta tıxaclara son qoymaq üçün görünməmiş bir təklif paketi hazırlayıb.

Planetinfo.az xarici mediaya istinadən xəbər verir ki, "Sürücülük vəsiqəsinin geri qaytarılması proqramı" çərçivəsində sürücülük vəsiqələrindən könüllü imtina edən gənclər 25 min avroya (təxminən 50 min manata) qədər pul alacaqlar.

Böyük marağa səbəb olan proqram sosial mediada da geniş diqqət çəkib. Lakin, təşviqdən yararlanmaq üçün müəyyən şərtlər var. Ərizəçilər 18-30 yaş arasında olmalı, ən azı bir il sürücülük vəsiqəsinə sahib olmalı və son yeddi il Maltada yaşamalıdırlar. İştirakçılar sürücülük vəsiqələrini təhvil verdikdən sonra beş il ərzində dünyanın heç bir yerində maşın sürməməyə razılıq verməlidirlər. Ödəniş birdəfəlik deyil, beş il ərzində hər il 5000 ( 10 min manat) avro ödənilir.

Qaydaları pozanlarlar üçün isə ciddi cəzalar nəzərdə tutulub. İştirakçı avtomobil idarə edərkən tutularsa, aldığı bütün pulları geri qaytarmalı və 5000 avro cərimə olunacaq. Proqramı bitirənlər sürücülük vəsiqələrini geri almaq üçün 15 saatlıq məcburi sürücülük təlimi keçməlidirlər.

Qeyd edək ki, Malta hökuməti 2030-cu ilə qədər davam edəcək layihə üçün 25 milyon avro (təxminən 50 milyon manat) ayırıb. Proqram nəqliyyat vasitələrinin sayını azaltmaqla yol hərəkəti tıxaclarını azaltmağı və hava keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir. Bu qeyri-adi təşviqin adada nəqliyyat vərdişlərini dəyişdirib-dəyişdirməyəcəyi yaxın illərdə aydın olacaq.

Xəbər lenti