ABŞ Dövlət katibi Marko Rubio İranın razılaşma əldə etməyə hazır olmadığını bildirib.
Jurnalistlərin suallarını cavablandıran Rubio İranın həm birbaşa, həm də dolayı yollarla razılaşma üçün ABŞ-a müraciət etdiyini iddia edib.
“İranla bağlı problem ondan ibarətdir ki, nə vaxt bir razılaşma əldə etsələr, oradakı səlahiyyətli şəxslər ya həmin razılaşmanı pozur, ya da onu dəyişdirmək istəyirlər. Bu da onların razılaşma əldə etməyə hazır olmadığını göstərir. Onlar bədəl ödəməyə davam edəcəklər və hər gecə bu bədəl getdikcə artır. Hazırda baş verən də məhz budur”, - deyə o bildirib.
ABŞ Dövlət katibi İranın müdafiə sənayesi infrastrukturunun ciddi zərər gördüyünü, iqtisadiyyatının isə ağır vəziyyətdə olduğunu deyib.
Rubio İran rəhbərliyini ölkəni məhv etməkdə ittiham edib. O, Tehranı “Hizbullah”, HƏMAS, Husilər və digər silahlı qrupları dəstəkləməkdə, raket və pilotsuz uçuş aparatları istehsal etməkdə, həmçinin nüvə proqramını davam etdirməkdə günahlandırıb.