Hazırda Ermənistanda gedən siyasi proseslər ilk növbədə 2026-cı ilə təyin olunmuş seçkilərə hazırlıq mərhələsi, daha doğrusu mübarizəsidir. Artıq Nikol Paşinyan hökuməti, yenidən seçkilərə getməklə qələbəsini təmin etmək məqsədilə öz rəqiblərini – müxalifəti və kilsəni zərərsizləşdirmək üçün proseslərə start verib.
Planetinfo.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, 2026-cı il Ermənistanda parlament seçkilərində Paşinyanın qələbəsinə mane ola biləcək əsas qüvvə Rusiya yönümlü qüvvələr və Kilsə olduğundan, mövcud proseslərin əsas hədəfi Rusiya yönümlü qüvvələrin və Kilsənin zərərsizləşdirilməsi, yəni siyasi prosesdən kənarlaşdırılmasıdır. Hal-hazırda ümumerməni katolikosu II Qaregin öz postunu tutmaqda davam etsə də, nəticə etibarilə onun və tərəfdarlarının siyasi proseslərə müdaxiləsi məhdudlaşdırılıb. Paşinyanın ən böyük qələbəsi isə faktiki olaraq Kilsəni parçalamaq və iki tirəlik yaratmaqdır. Ancaq Qaragenin postundan uzaqlaşdırılması prosesi də davam edir. Ötən gün 9 keşişdən ibarət bir qrup ümumerməni katolikosu II Qaregini dini müqəddəsliyə hörmətsizliyi himayə etməkdə günahlandıran bəyanat yayıb:
"Rusiyayönümlü siyasi fiqurların da Ermənistanda gedən proseslərə təsir imkanları kəskin azalıb. Düzdür, 2020-ci il kapitulyasiyasından sonra Paşinyanın reytinqi ciddi zərbə alsa da, Ermənistan siyasi səhnəsində hələ də onun alternativi yoxdur. "Qarabağ klanı" – Koçaryan, Sarkisyan və onların siyasi kursunun Ermənistan cəmiyyətində legitimlik problemi daha da qabarır. Erməni cəmiyyətinin əhəmiyyətli hissəsi "köhnələrin" yenidən hakimiyyətə qayıtmasını erməni dövlətçiliyinə ciddi təhlükə kimi görür. Paşinyan bütün qüsurlarına baxmayaraq Ermənistanda həmin ciddi təhlükəyə real maneə kimi qəbul edilir. Bu da indiki baş nazirin seçki şanslarını hələ də yüksəkdə saxlayır".
Nəsimi