Siyasət 12-11-2025, 08:13

Konstitusiyanın qəbulu dövlətçilik tariximizdə mühüm əhəmiyyətə malik tarixi hadisə idi




“30 il əvvəl qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyası dövlətçilik tariximizdə mühüm əhəmiyyətə malik tarixi hadisə idi. 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, müstəqilliyini bərpa etmiş dövlətimizin hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirdi. Bu sənəd xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlət quruculuğu əzminin təcəssümü idi”.

Bu fikirləri Planetinfo.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Konstitusiya hər bir dövlətin hüquqi dayağı, onun mövcudluğunun və inkişafının təminatıdır:

“Azərbaycan Respublikasının Konstitusiyası da dövlət idarəçiliyinin əsas prinsiplərini, hakimiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarını aydın şəkildə müəyyən etmişdir. Məhz bu sənədin qəbulundan sonra ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Konstitusiyası ümummilli lider Heydər Əliyevin əsəridir və məhz Ulu Öndərin rəhbərliyi ilə ana qanunumuz hazırlanaraq qəbul edilib:
“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yolunu müəyyən etdi və bu gün də həmin dəyərlər əsasında ölkəmiz inamla irəliləyir”.

İlham Məmmədov onu da diqqətə çatdırıb ki, 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Ana Qanunumuza dəyişikliklər edildi:

“Konstitusiyaya edilən dəyişikliklər zamanın tələblərinə cavab verərək idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə, insan hüquqlarının və sosial ədalətin qorunmasına xidmət edirdi”.

Süleyman

Xəbər lenti