8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilərimiz və rayon ictimaiyyəti iştirak edib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Qələbə bayramı münasibətilə rayon sakinlərini təbrik edib və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində qazandığı qələbədən danışib.
İcra başçısı Zəfərin əldə olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpasında, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda yaşayacağını və hər zaman minnətdarlıqla anılacağını bildirib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digər çıxış edən tədbir iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə xoş arzularını bildiriblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi nəticəsində qazanılmış tarixi Zəfərdən bəhs olunub və 30 ilə yaxın erməni vandalları tərəfindən xarabalığa çevrilmiş Qarabağda cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf və dirçəliş dövrünün başlandığını, genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının əhəmiyyətindən danışıblar.
Sonda bədii hissə nümayiş olunub.