İran, ticarət gəmisinin ələ keçirilməsi və ABŞ-ın mövcud razılaşmalara məhəl qoymaması fonunda danışıqların bərpasına getməyəcək.
Bu barədə "RİA Novosti" iranlı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, rəsmi Tehran Vaşinqtonun hərəkətlərini danışıqlar prosesinə ciddi maneə kimi qiymətləndirir.
"ABŞ-ın öz hərəkətlərinə etinasızlığı, atəşkəs rejiminin pozulması və ticarət gəmisinə edilən hücumla bağlı heç bir müzakirənin aparılmadığı bir vaxtda İranın danışıqlara razılıq verəcəyini gözləmək qeyri-realdır", - mənbə bildirib.
Bundan əvvəl İran parlamentinin deputatı Əhməd Naderi də bəyan etmişdi ki, Vaşinqton dəniz blokadasını ləğv etməyincə, nümayəndə heyəti sülh danışıqlarının ikinci raundunda iştirak etməyəcək.
Maraqlıdır ki, aprelin 20-də Türkiyənin "Anadolu" agentliyi Pakistan mənbələrinə istinadla İranın Hörmüz boğazındakı gərginliyə rəğmən İslamabaddakı görüşə qatılacağını iddia etmişdi. Lakin son açıqlamalar Tehranın mövqeyinin kəskinləşdiyini göstərir.