Ölkədə xarici valyutaya tələbin azalması son dövrlərdə valyuta bazarında müşahidə olunan əsas tendensiyalardan birinə çevrilib. Mərkəzi Bankın məlumatları da bunu təsdiqləyir. Belə ki, 2026-cı ilin ilk altı ayında keçirilən valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Halbuki 2025-ci ilin eyni dövründə bu göstərici 2,7 milyard dollar, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard dollar təşkil edib. Bəs valyutaya tələbin azalması hansı amillərlə bağlıdır?
“İdxalın azalması da öz sözünü deyir”
İqtisadçı-ekspert Namiq Hüseynov isə valyuta bazarında hazırkı vəziyyəti “dollar bolluğu” kimi xarakterizə edir. Onun sözlərinə görə, xarici valyutaya tələbin azalmasında milli valyutaya inamın artması və idxalın azalması mühüm rol oynayır: “Həqiqətən də hazırda Azərbaycanın valyuta bazarında tələb təklifdən geri qalır, “dollar bolluğu”dur. Təkcə bu ilin I yarısında nağd xarici valyutanın alışı satışını 500 milyon dollara yaxın üstələyib. Son nəticədə Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq, onun bahalaşmasının qarşısını almaq üçün valyuta bazarına alışyönlü müdaxilə etməli olub, yəni bazardan təxminən 2 milyard dollar alaraq valyuta ehtiyatlarını artırıb. Valyuta hərraclarında satışın azalmasının – ölkədə dollara tələbatın azalmasının səbəblərindən biri milli valyutaya inamın güclənməsi, dollarlaşmanın zəifləməsi ilə bağlıdır. Müşahidələr göstərir ki, əhali əlindəki dollar kütləsini satır və bunun bir hissəsini manat əmanəti kimi banklara yerləşdirir. Son nəticədə əmanətlərin dollarlaşması 25%-ə düşüb. Digər səbəb ölkəyə idxalın azalmasıdır. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, yanvar-iyun aylarında azalma 28%-ə yaxın olub və bu da istər-istəməz dollara tələbatı azaldıb”.
“Manatın məzənnəsi ilə bağlı ciddi risk görünmür”
N.Hüseynov hesab edir ki, valyuta bazarında yaranmış vəziyyət manatın məzənnəsi ilə bağlı ciddi risklərin olmadığını göstərir. Onun fikrincə, cari əməliyyatlar balansındakı profisit də bu sabitliyi dəstəkləyən əsas amillərdən biridir: “Mövcud vəziyyət manatın məzənnəsi ilə bağlı risklərin olmamasından xəbər verir. Çox güman ki, bu tendensiya yaxın aylarda qalacaq. Məsələn, ötən il Azərbaycanın cari əməliyyatlar balansının profisiti 3,5 milyard dollar təşkil edib. AMB bu il bu rəqəmin 6 milyard dollardan, gələn il isə 5 milyard dollardan çox olacağını proqnozlaşdırır. Bu məbləğdə profisit makroiqtisadi dayanıqlılıq baxımından mühüm müsbət amil hesab olunur. Azərbaycan manatının məzənnəsinin sabit qalması həm yerli, həm də xarici investorlar üçün mühüm siqnaldır”.
“Biznes yeni investisiyalarla bağlı ehtiyatlı davranır”
İqtisadçı-ekspert Asif İbrahimov deyir ki, valyuta bazarında rəqəmlərin müsbət görünməsi iqtisadiyyatın real vəziyyətinin tam mənzərəsini əks etdirmir. Onun sözlərinə görə, əsas məsələ dollara tələbin azalmasının səbəblərini düzgün müəyyənləşdirməkdir: “Mərkəzi Bankın açıqladığı rəqəmlər ilk baxışdan müsbət təsir bağışlayır. Valyuta bazarında təklifin son 18 ay ərzində tələbi üstələməsi və Mərkəzi Bankın valyuta hərraclarında satış həcminin 3,5 milyard ABŞ dollarından 757 milyon dollara qədər azalması bazarda sabitlik görüntüsü yaradır, amma iqtisadi reallığın tam mənzərəsini əks etdirmir. Əsas sual budur: dollara tələbat niyə azalıb? Bunun səbəbi iqtisadiyyatın sürətlə inkişaf etməsi, yoxsa biznes aktivliyinin zəifləməsidir?”
A.İbrahimov valyutaya tələbin azalmasının iqtisadi aktivliyin zəifləməsi ilə bağlı ola biləcəyini qeyd edir. Ekspert hesab edir ki, yüksək istehsal, investisiya və idxal artımı şəraitində xarici valyutaya tələbin də artması gözləniləndir: “Əgər ölkədə istehsal, investisiya və idxal həcmləri yüksək templə artırsa, xarici valyutaya tələbin də artması təbii olardı. Bu gün isə valyutaya tələbin azalmasının əsas səbəblərindən biri özəl sektorun investisiya fəallığının zəifləməsi, iri istehsal layihələrinin məhdudluğu və biznesin yeni investisiyalarla bağlı ehtiyatlı davranmasıdır. Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycanın valyuta bazarında təklif hələ də əsasən neft-qaz gəlirləri hesabına formalaşır. Qeyri-neft sektorunun ixracı artsa da, ümumi valyuta daxilolmalarında onun payı hələ də həlledici səviyyədə deyil. Bu isə o deməkdir ki, mövcud sabitlik daha çox enerji bazarındakı əlverişli qiymətlərdən asılıdır”.
“Valyuta bazarında balans sürətlə dəyişə bilər”
Ekspert hesab edir ki, Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin azalması müsbət göstərici olsa da, bu fakt bazarın tam sərbəst fəaliyyət göstərdiyi anlamına gəlmir. O, uzunmüddətli sabitliyin əsas şərtinin iqtisadiyyatın şaxələndirilməsi olduğunu vurğulayır: “Mərkəzi Bankın bazara daha az müdaxilə etməsi müsbət haldır. Ancaq bu, bazarın tam sərbəst işlədiyi anlamına gəlmir. Azərbaycanda manatın məzənnəsi inzibati idarə olunan rejimdə formalaşır və onun sabitliyi böyük ölçüdə Dövlət Neft Fondunun valyuta satışlarından asılıdır. Buna görə də bazarda sabitliyi yalnız pul siyasətinin uğuru kimi təqdim etmək düzgün yanaşma deyil. Ən narahatedici məqam iqtisadiyyatın struktur problemlərinin hələ də qalmasıdır. Xarici investisiyaların qeyri-neft sektoruna cəlbi istənilən səviyyədə deyil, ixrac kifayət qədər şaxələndirilməyib, yüksək texnologiyalı məhsulların ixracı məhduddur. Bu problemlər həll olunmadan valyuta bazarındakı müvəqqəti rahatlığı uzunmüddətli iqtisadi uğur kimi qiymətləndirmək olmaz. Yaxın aylarda mövcud vəziyyət davam edə bilər. Lakin bu, ilk növbədə dünya bazarında neftin qiymətindən, geosiyasi risklərdən və enerji ixracından əldə olunan gəlirlərdən asılı olacaq. Əgər bu amillər dəyişərsə, valyuta bazarında da balans sürətlə dəyişə bilər”.
Ekspert hesab edir ki, hökumət və Mərkəzi Bank diqqəti yalnız valyuta bazarında sabitliyin qorunmasına deyil, bu sabitliyin iqtisadiyyatın real sektorunda istehsalın, ixracın və investisiyaların artımı hesabına təmin edilməsinə yönəltməlidir: “Əks halda, biz rəqəmlərdə sabitlik görəcəyik, lakin real iqtisadi inkişaf gözlənilən sürətlə baş verməyəcək. Əsl uğur Mərkəzi Bankın bazara nə qədər az dollar satması deyil, ölkənin qeyri-neft sektorunun nə qədər çox valyuta qazanmasıdır”. ("Kaspi" qəzeti)