İran tərəfi hələ ki, İslamabadda ABŞ nümayəndələri ilə keçiriləcək danışıqların ikinci raundunda nümayəndə heyətinin iştirakını təsdiqləməyib.
Planetinfo.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaulla Tarar "X" sosial şəbəkəsində məlumat verib.
"İranın İslamabaddakı sülh danışıqlarında nümayəndə heyətinin iştirakını təsdiqləyən cavabı hələ də gözlənilir", — deyə nazir qeyd edib.
Tarar əlavə edib ki, Pakistan İran rəhbərliyini danışıqlarda iştirak etməyə razı salmaq üçün səmimi səylər göstərib və bu istiqamətdə işlər davam edir.
"Reuters" agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, İslamabad danışıqlarının əsas mövzuları İranın zənginləşdirilmiş uranı və Hörmüz boğazındakı vəziyyət olacaq. Agentlik bildirib ki, İranın raket proqramı ilə bağlı müzakirələr bu dəfə arxa plana keçəcək.
Xatırladaq ki, aprelin 11-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların birinci raundu baş tutub. Həmin görüşdə Hörmüz boğazının blokadadan çıxarılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens qeyd edib ki, Birləşmiş Ştatlar öz "qırmızı xətlərini" dəqiq müəyyən etsə də, Tehran Vaşinqtonun şərtləri ilə razılaşmayıb.