Rusiyada elit daşınmaz əmlak bazarında diqqətçəkən dəyişiklik baş verir. Rusiya Rieltorlar Gildiyasının prezidenti Artemiy Şurıginin sözlərinə görə, Moskva vilayətində elit bağ evləri bazarında çinli alıcıların payı son bir ildə 0,5 faizdən 7 faizə yüksəlib.
Planetinfo.az xəbər verir ki, bu barədə o, “RIA Real Estate”ə müsahibəsində danışıb.
Şurıgin bildirib ki, söhbət əsasən Rusiyada uzun müddətdir fəaliyyət göstərən və son illərdə maliyyə imkanlarını artıran Çin biznesmenlərindən gedir. Onların 2024–2025-ci illərdə xüsusilə Moskva ətrafındakı Novorijsk şosesi boyunca yerləşən elit yaşayış məntəqələrində dəyəri 350-400 milyon rubl olan villalara marağı artıb.
Ekspert qeyd edib ki, çinli alıcılar daha çox “açar təslimi” hazır evlərə üstünlük verirlər. Onlar üçün həmçinin nəqliyyat əlçatanlığı yüksək olan qəsəbələr xüsusi əhəmiyyət daşıyır.
Memarlıq baxımından isə seçimlər əsasən müasir Avropa üslubunda, dəqiq xətləri olan evlərdən yana olur. Bununla yanaşı, alıcıların seçimində fen-şuy prinsiplərinin də müəyyən təsiri hiss olunur.
“Giriş hissəsi mütləq təmtəraqlı olmalıdır. Həmçinin ərazidə su elementlərinin – göl və ya axarın olması böyük üstünlük sayılır”, - deyə Şurıgin əlavə edib.