Rusiya 2025-ci ildə Azərbaycanda həbs olunmuş 11 rusiyalının tezliklə azadlığa buraxılmasını gözləyir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərini RTVI sitat gətirib:
“Əlbəttə ki, ötən ilin 30 iyun - 1 iyul tarixləri arasında Bakıda saxlanılan 11 Rusiya vətəndaşının tezliklə azad edilməsi məsələsini qaldıracağıq. Bu məsələ Rusiya və Azərbaycanın müvafiq qurumları tərəfindən müzakirə olunur və ümid edirik ki, vətəndaşlarımız tezliklə azadlığa buraxılacaqlar", - deyə o bildirib.
Diplomat həmçinin qeyd edib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfərinin tarixi hələ müəyyən edilməyib. O, əlavə edib ki, bu məsələ üzərində iş gedir.
Rusiya vətəndaşları 2025-ci ilin iyun ayının sonlarında Azərbaycanda saxlanılıblar. Daxili İşlər Nazirliyinin məlumatına görə, həbslər İrandan narkotiklərin tranzitinin, onların yayılmasının və kiberfırıldaqçılığın qarşısının alınması əməliyyatının bir hissəsi olub.