Zaqatalada daş-beton bəndlərin əsaslı təmirinə 3,2 milyon manat vəsait ayrılıb.
Bu barədə Regional Su Meliorasiya Xidməti açıq tender elan edib.
Müsabiqənin qalibi olacaq şirkət Zaqatala rayonu ərazisində mövcud daş-beton bəndlərin əsaslı təmirini həyata keçirəcək. Layihənin ehtimal olunan ümumi dəyəri 3 milyon 206 min 930 manatdır.
İşlər çərçivəsində Katexçay çayının daşqın və sel sularından Qəbizdərə kəndini mühafizə edən 300 poqonmetr uzunluğunda daş-beton bənd, Silbançay çayının sağ və sol sahilində Zaqatala şəhərinin yaşayış məntəqələrini mühafizə edən 400 poqonmetr uzunluğunda daş-beton bənd, həmçinin Talaçay çayının sağ və sol sahilində Göyəm kəndinin əkin sahələrini mühafizə edən 300 poqonmetr uzunluğunda daş-beton bənd əsaslı təmir olunacaq.
Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi sentyabrın 30-na təyin edilib.